“Keşlə”nin adını dəyişdirib “Şamaxı” etsələr də, klubla bağlı bir çox məsələlər hələ də həllini tapmayıb.
Komandanın növbəti mövsümdə ev oyunlarını keçirəcəyi Şamaxıda məskunlaşacağı çoxdan dəqiqləşib.
Belə olacağı halda legioner futbolçuların ailələrinin və övladlarının üzləşəcəyi problemin necə həll olunacağı sual doğurur.
Söhbət xaricilərin qalacağı məkandan və övladlarının təhsil məsələsindən gedir. Başbilənlər hələ ki, bu işdə “baş sındırır”.
Daha bir qarablıq məqam “Şamaxı”nın hazırda Bakıda fəaliyyət göstərən aşağı yaş qruplarından ibarət komandalarının gələcək taleyidir. Uşaqların böyük əksəriyyəti Bakıdan olanlardır ki, futbolla məşğul olanlar həm də orta məktəblərdə təhsil alır.
Onlar da Şamaxıya köç etməli olsa, təhsil problemi necə həll olunacaq?
klub rəhbərliyi bu yöndə əməli fəaliyyətə start verib. Klubun idman direktoru, daha dəqiq desək, aşağı yaş qruplarından ibarət komandaların əlaqələndiricisi Vəli Qasımov artıq xeyli vaxtdır Şamaxıdadır.
Həftənin çox hissəsini sözügedən bölgədə keçirən ötənlərin məşhur futbolçusu Şamaxıda və Qabostanda məşqçilik bacarığı olan məşqçilərlə görüşür, onlardan yerli potensiallı futbolçular haqda bilgilər toplayır.
Artıq iki şamaxılı məşqçi kluba işə götürülüb. Məşqləri əsasən Qasımovun özü keçir, həmin iki nəfər ondan həm təcrübə toplayır, həm Vəli bəyin işini asanlaşdırmaq üçün kömək edir.
Mütəxəssislərin hazırlıq keçdiyi uşaqlar da Şamaxıdan və kəndlərdən olanlardır.
Bu yöndə sürətli iş aparılır ki, yaya qədər gənc və yeniyetmə futbolçuların, eləcə də məşqçilərin say artımına mütləq müşahidə edəcəyik.
HƏBİB / SPORTİNFO.AZ

