"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın 18-ci tur matçından sonra mətbuat konfransında:
- Sanki üzərimizdə lənət var. Futbolçular məşqlərdə istəkli idilər. Oyunda da sonadək mübarizə apardılar. Əslində, danışılası elə bir şey yoxdur. "Sabah"la xal fərqinin açılmaması üçün bu görüş vacib idi. Təəssüf ki, uduzduq. Amma qarşıda oyunlar var. Həmin matçlara köklənəcəyik. Bakıdan pis təəssüratla ayrılırıq. Bu, "ASK Arena"da son oyunumuz idi. Doğma stadionla belə vidalaşmaq istəməzdik. Ümid edək ki, "Şamaxı" adı bizim üçün düşərli olar. Ən azından qol vurarıq. Epizodları dəyərləndirə bilmirik. Şamaxıya ev oyunlarından 1 gün öncə gedəcəyik. Hələlik belə məskunlaşacağıq. Şamaxı Olimpiya Kompleksində qalacağıq. Ondan sonra bizə ətraflı məlumat veriləcək. Oraya gedib baxmağı planlaşdırırıq. Amma rəhbərlikdən gedən olub. Bilirsiz ki, meydança yenidir. Məşq etməyə ehtiyac var. Qalacağımız yerə də baxıblar. Hər şey qaydasındadır".
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləriPremyer Liqanın 20-ci tur matçından sonra mətbuat konfrasında:
- Şamaxıya gedişimiz nəyə görə gecikir? Biz tərəfdən rəsmi açıqlama olmamışdı ki, ora gedirik. Futbolçu və məşqçi heyəti verilən tapşırığı yerinə yetirir. Deyirlərsə, orada oynayacağıq, gedəcəyik. Belə qərar verildi. "Səbail"lə oyundan sonra bilirdik ki, burada oynayacağıq. Klub tərəfindən nə açıqlama olsa, bunu yerinə yetirəcəyik".
Bərəkallah! Bir məşqçi özünü necə yalanlayarmış… Aradan 1 tur keçib, Sənan Qurbanov əvvəl nala, sonra mıxa vurur.
O, öncə lənətləndiklərini söyləyir, Şamaxıya səfər barədə məlumat verir, orada şəraitin göz oxşadığını deyir, ardınca da «biz tərəfdən rəsmi açıqlama olmamışdı ki, ora gedirik» söyləyir.
Rəsmən dolayır. Özünü də, medianı da. Görən, Qurbanov ötən gün bu sözləri dilə gətirəndə halı özündə olub?
Bəlkə də hansısa xəstəliyi var, ağzı ilə dediyini qnlağı ilə eşitmir. Bu nə deməkdir, baş məşqçi nəvaxtdan rəsmi şəxs sayılmır?
Rəsmi şəxs sayılmaq üçün mütləq elə klub prezidenti, idman direktoru, icraçı direktor, yaxud mətbuat katibi olmaq deyil.
Komandanı çalışdıran məşqçi dünən bir söz, bu gün başqa söz söyləyirsə, bu, özünə və mənffətini qorumalı olduğa kluba hörmətsizlikdir.
Bilirdim ki, Sənan Qurbanov sözünün əvvəlini və axırını bilən deyil. Day bu qədər olmaz da!
Başa düşürəm e, ona iş maaş almaqdan ötrü lazımdır. Vurub kənara atsalar, bir daha Premyer Liqa üzü görməyəcək. Kimdir onu götürən?
«Keşlə» rəhbərliyinə normal məşqçi lazım olsaydı, Sənan Qurbanovu nə bura gətirər, nə də bu qədər vaxt verərdi.
O yandan da yada salanda ki Qurbanov «rəhbərliyin mənə yazığı gəlir» ifadəsini işlədən biridir, son açıqlamasını başının üstündəki şəxslərə yarınmaq cəhdi kimi qəbul etməliyik.
Əşşi, pul-para naminə yağışdan çıxmışın yağmurdan qorxusu olmaz. Bu da bir cür tipdir də.
Xəzər Hikmət

