Premyer Liqada mövsüm final mərhələsinin qapısını aralamaqdadır.
Finiş xəttinə 2 aydan bir qədər çox vaxt qalıb və su axıb öz çuxurunu tapmaqdadır.
«Keşlə» kimi.
Bakıdan Şamaxıya köç ərəfəsində olan «Keşlə» sürüşmə zonasında - Bayıl yamacında qəddini dik tuta bildi. Və əsas vəzifəsinin – sonuncu pilləyə yuvarlanmamaq tapşırığının öhdəsindən gələ bildi.
Bu yer, yəqin ki, «Səbail»in olacaq. Altıncı pillə «Keşlə»nin real gücünü əks etdirməsə də, ya vəlvələdən, ya zəlzələdən belə bir gerçəkliklə üzləşiblər və bundan qaçmaq artıq gecdir.
Sənan Qurbanov ötən müddət ərzində istefaya göndərilmədisə, yəqin ki, mayın sonunadək onu yerindən tərpətməyəcəklər. Bu mövzu bağlanmış kimi görünür. İtirməyə heç nə qalmayıb artıq.
Qurbanovun ixtiyarında perspektiv vəd edən gənclər az deyil, meydan indən belə onların olmalıdır. Pərviz Azadovla Turan Vəlizadəni xüsusi qeyd edərdim.
Sevindirici haldır ki, adını çəkdiyim gənclərin hər ikisi son turda fərqləndi – biri hesabı açdı, digəri son nöqtəni qoydu.
Sənan Qurbanov o biri gənclərə də yavaş-yavaş şans tanısa, ola bilsin ki, komandası uduzacaq, amma əvəzində futbolumuz yeni adları tanıyacaq və bəlkə də qazanacaq.
Əldən çıxmış mövsümü yalnız bu cür kompensasiya etmək olar. Ziyana qarşılıq.
KAMİL

