Qış fasiləsindən sonra ən ağır qrafikdə çıxış edən komanda "Keşlə"dir.
Ölkə kubokunda 2 dəfə, Premyer Liqada 1 dəfə "Qarabağ"la üz-üzə gələn paytaxt klubunun digər rəqibləri isə "Zirə", "Neftçi" və "Sabah" olub.
Ümumilikdə qışdan sonrakı 7 matçda bir bərabərlik əldə edən kollektiv digər matçlarda başıaşağı meydanı tərk edib.
Buraxılan 12 qolun qarşılığında yalnız bir dəfə fərqlənməyi bacarıblar. Bir sözlə, Sənan Qurbanovun yetirmələri ağır imtahandan başı uca çıxmağı bacarmadı.
Ümid bundan sonrakı turlara idi. Ki, rəqiblər "Keşlə"nin "dişinə" görə olan "Səbail" və "Sumqayıt"dır.
Amma o ümidlər də puç oldu desək, yanılmarıq. Belə ki, nisbətən asan görünən, qələbə şansları yüksək qiymətləndirilən matçlara "Keşlə" ciddi itkilərlə hazırlaşır.
Baş məşqçi üçün ön xəttin əvəzolunmaz simalarından sayılan Natan Oduva və Felipe Santos hələ də məşq etmirlər. Zədələrini sağaltmaqla məşğul olan əcnəbilər qarşıdakı "Səbail" matçını buraxacaqları dəqiqləşib.
Onsuz da heyəti kasad olan Qurbanovun dərdini indiki halda başa düşmək o qədər də çətin deyil. Bu rəqiblərlə görüşdəki məğlubiyyətlər onun gələcək karyerasını da sual altında qoya bilər.
XANOĞLAN İMANOV

