“Keşlə”nin yaxın günlərdə “Şamaxı” olması rəsmi təsdiqini tapacaq.
Bütün işlər qaydasına qoyulub əslində, kiçik detalları da “relsə salıb”, ictimaiyyətə təqdim etmək qalır.
Vəziyyətin bu cür olması ortaya vacib sual çıxaracaq. “Keşlə” bundan sonra “Şamaxı”nı təmsil edəcəksə, komandanın sadiq azarkeş qrupu olan “Old Wolf”un aqibəti necə olacaq?
“Şamaxı”nı da dəstəkləyəcəklər? Yoxsa ad dəyişməyin xüsusi əhəmiyyəti var onlar üçün?
Suala aydınlıq gətirmək üçün qrupun rəhbəri Elnur Yusifovla əlaqə saxladıq:
“Xəbərimiz var, “Keşlə” “Şamaxı” adı altında martın 18-də doğma şəhərdə və doğma azarkeşləri önündə ilk oyununu keçirəcək.
Ad dəyişəndən sonra artıq Şamaxı ilə bağlı hər şey doğma olacaq. Nə qədər ki “Keşlə” var, o qədər də “Old Wolf” var. “Keşlə” yoxdursa, “Old Wolf” yoxdur.
Başqa ad altında dəstək verə bilərik, ya yox – bu, başqa söhbətin mövzusudur. Hələ ki, dəqiq heç nə bilinmir. “Səbail”lə oyundan sonra yəqin dəqiqləşər”.
HƏBİB / SPORTİNFO.AZ

