"Keşlə"nin hücumçusu Amil Yunanov Sportinfo.az-a müsahibə verib.
- "Keşlə" paytaxtda son oyunda "Sabah"dan məğlubiyyət aldı. Qələbə üçün nə çatmadı?
- Qələbə qazanmağı biz də çox istəyirdik. Maraqlı oyun keçdi. Uduzulası oyun deyildi. Bütün komanda məğlubiyyətə çox üzüldü. Amma futbolda belə şeylər olur. Qarşıdakı oyunlara baxacağıq.
- Artıq "Keşlə" üçün mövsümün başa çatdığını düşünmək olar?
- Bəli, avrokuboklar şansını nəzərdə tutursuzsa, çox çətin görsənir. Ancaq komanda olaraq sona kimi mübarizə aparacağıq.
- Uzun müddətdən sonra, nəhayət, bu tur oynamaq şansı qazandın. Öz çıxışını necə dəyərləndirisən?
- Bəli, uzun müddətdir oynamıram. Çox istəkli idim. Qol vurmağa çalışdım, ancaq təssüf ki, alınmadı. Uzun müddət oynamadan sonra meydana çıxanda oynamaq çətin olur.
- Qol vurmasan da, qol epizodlarına girməyi bacardın. Son nöqtəni qoya bilməməyi oyun təcrübəsinin azlığına bağlamaq olarmı?
- Bəlkə də 3 aydan artıqdır meydana çıxmıram. Bu, az müddət deyil. Futbolçu 2 oyun buraxanda belə fərq hiss olunur. Düşünürəm ki, oyun praktikam olsaydı, əlimə düşən qol fürstlərindən yararlana bilərdim.
XANOĞLAN İMANOV

