«Keşlə» bu aydan «Şamaxı» adlanmağa başlayıb.
Düzdür, AFFA və Peşəkar Futbol Liqası hələ isim dəyişikliyini rəsmən açıqlamayıb, amma məlumdur ki, hüquqi prosedur tamamlanıb, UEFA «okey» verib.
“Keşlə”nin Şamaxıya köç tarixi dəyişib. Bu, AFFA-nın klubla bağlı planlarını yenidən dəyişməsi ilə bağlıdır.
Belə ki, federasiya Şamaxı şəhər stadionunun Premyer Liqa oyunlarını qəbul etməyə hələ tam hazır olmadığı barədə sabiq “bankirlər”ı məlumatlandırıb.
Bu işlərin başa çatması minimum 10 gün əlavə vaxt tələb edir. Odur ki, “Keşlə”nin martın 6-da yeni adla burada ilk oyunu “Sabah”a qarşı keçirməsi mümkün olmayıb.
AFFA-nın istəyi üzərinə debüt martın 18-nə qalıb. Komanda həmin gün “Sumqayıt”ı qəbul edəcək.
Yerdəyişmə klubun idarəçiliyinə də təsir göstərəcək. Yerli İcra Hakimiyyəti «Şamaxı» üzərində söz sahibliyinə yiyələnməyə hazırlıq görür.
İcra başçısı Tahir Məmmədovun bununla bağlı planlarının olması məlumdur. O, klubun icraçı şəxslərini özü təyin edəcək – hər halda AFFA ilə aparılan danışıqlarda məsələnin bu hissəsi müzakirə edilib və ümumi razılıq alınıb.
İndiki rəhbərlik nə iş görəcək onda? Ən açıq sual budur indi. Zaur Axundov Müşahidə Şurasının sədri postndan ayrılmaq istəməsi haqda xəbərlər son günlər mətbuat səhifələrini «bəzəyir», hətta iddia olunur ki, o, Azərbaycandan birdəfəlik getməyə hazırlaşır.
AFFA İcraiyyə Komitəsinin üzvü olan iş adamının biznesini xarici ölkələrdən birinə köçürmək fikrinə düşməsi yönündə informasiyalar da dolaşır.
Ümumiyyətlə, bu aralar onun barəsində çox məlumatlar gəzir və maraqlıdır ki, Axundov söz-söhbətlərə son qoyacaq açıqlama ilə çıxış etmir. Nə təsdiq, nə də təkzib – 2017-ci ildən «Keşlə»nin başında dayanan şəxs hələlik sükutu pozmağa tələsmir.
Xəbərlərdə iddia olunur ki, o, kluba xərclədiyi vəsaitin geri ödənilməsini tələb edir. Bildirilir ki, AFFA 1,2 milyon manatı qaytarsa, «Keşlə»nin rəhbərliyindən gedəcək. Bəs federasiya həmin məbləği qarşılamasa?
Bu suala cavab tapmaq çətindir. Ən azından, bizim üçün. İşin içində, mərkəzində deyilik, hər şeyi bilmək imkanımız yoxdur. Sadəcə, bizə gələn çatan müəyyən bilgilər var və onu oxucularımızla bölüşməyi lazım bilirik.
Onlardan biri budur ki, Zaur Axundov həqiqətən «Keşlə» ilə vidalaşmağa hazırdır. Problem AFFA-nın üst qatında yer alan bəzi şəxslərin «oyun qaydaları»na riayət etməməsindədir.
Bunun üçün yada salmaq lazımdır ki, iş adamı paytaxt klubuna öz istəyi ilə gəlməyib. Ümumiyyətlə, belə bir niyyəti olmayıb. Sadəcə, AFFA prezidenti Rövnəq Abdullayevin təkidindən sonra «Keşlə»ni kurasiyasına götürməyə razılaşıb.
Bunun müqabilində ona bağlı şirkət SOCAR-la əməkdaşlığa başlayıb. Axundov buradan qazandığı vəsaiti futbola yatırıb, həmçinin öz cibinin pulu ilə klubun əlavə xərclərini qarşılayıb.
«Keşlə» bu illər ərzində AFFA-nın Futbolun İnkişaf Fondu adlanan orqanı tərəfindən «qidalanıb». UEFA-nın ayırdığı vəsait heç vaxt birbaşa kluba köçürülməyib.
AFFA Avropadan gələn pul kütləsini hissələrə bölüb və aylar üzrə «Keşlə»yə ötürüb. Federasiya SOCAR-dan ayrılan ianəni də bunun gözünə qataraq, paytaxt təmsilçisinə verib. İndinin özündə də belədir.
AFFA-nın Axundova borcu yeni yaranmayıb. Borc son 3 ildə üst-üstə yığılıb və hazırda 1,5 milyon manatı keçir.
Tanıyanlar Axundovu əliaçıq və jest etməyi bacaran ürəkli insan kimi təqdim edir. Onlara görə, 1,5 milyon manat MŞ sədri üçün böyük pul deyil.
Deməli, o, bu pulu AFFA-ya keçə bilər. Elə isə niyə borcun silinməsinə hələ razılıq vermir? AFFA-nın idarəçiləri ona verdiyi sözün üstündə dayanmayıb.
Adamlar «Keşlə»dən «Şamaxı»ya keçid prosesini özbaşına başladıb və zamanla məlum olub ki, adını dəyişən kluba yeni rəhbərlik yığılır. Əlqərəz, bu, «qız evində toydur, oğlan evinin xəbəri yoxdur» söhbətidir.
Bura öz cibinin pulunu xərclə, bir çox məsələlərdə AFFA-nın köməyinə çat, rəsmi və qeyri-rəsmi müstəvidə mühümi işlər gör, axırda da əziyyətin bu cür qiymətləndirilsin: özünə münasibətdə sayğılı duruş sərgiləyən hansı şəxs bunu qəbul edər?
Gəlin, açıq danışaq – bu gün hansı iş adamı dövlətdən hansısa formada dotasiya almadan futbola şəxsi vəsaitini xərcləyir?
O dövrlər çoxdan arxada qalıb. Bəlkə də heç elə biri olmayıb. AFFA/SOCAR verdiyi vədlərin arxasında dayanmırsa, Axundov borcunu geri istəməkdə tam haqlıdır. Kim pulunu küçədən yığıb ki, o da varından keçsin?!
SPORTİNFO.AZ

