“Qarabağ”la oyunda qazandığımız 1 xalı artıq unutmuşuq.
Uşaqlar sağ olsun, mübarizə apardılar, meydanda can qoydular, nəticədə güclü rəqibə məğlub olmadıq”.
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutacaq “Sabah” ilə matçdan əvvəl oyunla bağlı düşüncələrini Sportinfo.az-a bildirib.
Həftəsonu üz-üzə gələcək komandaların indiki durumu olduqca ağırdır. Həm ölkə kubokunun son sahibi, həm də yayda heyətini gücləndirmək üçün böyük pullar xərcləyən, “sükan” arxasına rusiyalı Murad Muayevi gətirən “tələbələr” avrokuboklara vəsiqədən uzaq düşüb.
“Sabah”ın heyətindəki itkiləri və komandadakı psixoloi durumu nəzərə alsaq, “qırmızılar”ın işi rahat olmalıdır. Çünki Masazır təmsilçisi qış fasiləsindən sonra uğurlu nəticə qazanmaqda çətinlik çəkir.
Qurbanov qəti bu fikirdə deyil. “Keşlə”nin çalışdırıcısının fikrincə, oyun gözləniləndən də çətin keçəcək:
“Qarabağ”la oyunun ab-havasında qalmaq bizə baha başa gələ bilər. Oyuna komandanın turnir cədvəlindəki mövqeyini düşünərək köklənirik.
Komandada zədəli futbolçuların olması işimizi çətinləşdirir. Buna baxmayaraq, matça maksimum əhval-ruhiyyədə hazırlaşırıq.
“Sabah”ın heyətində fərdi keyfiyyətləri ilə fərqlənən oyunçular var. Düşünürəm ki, bu görüşdəki 3 xal hər iki tərəf üçün olduqca vacibdir.
Çünki mübarizə hələ bitməyib. Qarşıda çox oyun var. Bizə doğma olan meydanda sərfəli nəticə qazanmağa çalışacağıq”.
HƏBİB

