Sənan Qurbanovun başı dərddədir.
Ölkə kubokunda mübarizəni dayandıran “Keşlə”nin çempionatdakı işləri də yaxşı getmir.
17 oyundan sonra aktivinə 15 xal yazdıran “qırmızılar” 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Bir tərəfdən avrokuboklara vəsiqənin böyük ölçüdə əldən çıxması, digər yandan komandada zədə epidemiyasının davam etməsi baş məşqçinin işini xeyli çətinə salıb.
Aldair Neto ilə Fəhmin Muradbəyli zədədən əziyyət çəkdiyindən, son görüşləri kənardan izləmək məcburiyyətində qalıblar. Yaşıl meydanlara nə vaxt qayıdacaqları müalicə prosesinin gedişindən asılıdır.
“Qarabağ”la bazar ertəsi baş tutan matçda isə “Keşlə”nin aparıcı futbolçusu da sıradan çıxdı. Felipe Santos ilk hissədə əvəzlənmək məcburiyyətində qaldı.
Baş məşqçi Sənan Qurbanovun Sportinfo.az-a verdiyi məlumata görə, “10 nömrə”nin zədəsinin ciddiliyi MRT müayinəsindən sonra bilinəcək.
Lakin hələ ki, ayağında şiş olduğundan müayinə etmək mümkün deyil. Aparata salmaq üçün ilk növbədə şiş çəkilməlidir.
İstənilən halda Felipe martın 6-da “Sabah”la baş tutacaq oyunda iştirak edə bilməyəcək. Nə vaxta qədər oynaya bilməyəcəyinə MRT-in cavabı aydınlıq gətirəcək.
HƏBİB

