Siz Allah, belə də bölgə komandası olar?

3 Mart 2022 22:20 Şamaxı 4 043
Siz Allah, belə də bölgə komandası olar?

"Keşlə"nin adının "Şamaxı" olması artıq rəsmiləşdi.

Komanda bununla sayca 4-cü adına qovuşmuş oldu. Allah növbətilərdən qorusun...

Ad dəyişdi, indi qalır kollektivin təmsil etdiyi bölgəyə getməsi. Bu barədə isə nə plan var, nə proqram.

Hər halda olsaydı, bundan məşqçilər korpusunun, futbolçuların xəbəri olardı. Kimi dindirirsən deyir ki, bizə nəsə deyən olmayıb.

Klubdan yox haa, AFFA-dan deyilib ki, komanda martda ev oyunlarını Şamaxıda keçirəcək. "Keşlə" / "Şamaxı"nın mart ayındakı ilk oyunu 3 gün sonraya təsadüf edir. PFL-in saytına əsasən "Sabah"la qarşılaşmanın Bakıda baş tutacağını bilmək olar.

Növbəti ev oyunu isə 12 gün sonra "Sumqayıt"la olacaq. Həmin günkü matçın harada baş tutacağı isə sual olaraq qalır. Bərəkallah...

Mən Sumqayıtda yaşayıram. Tələbə vaxtı bizim məhlə uşaqlarından ibarət futbol komandamız vardı. Bakıda hər hansı komanda ilə oyunumuz olurdusa, bunu ən pis halda 2 həftə əvvəldən bilirdik. Ki, oyuna necə gedəcəyimizi əvvəldən planlaşdırırdıq. Hamı da işini ona uyğun qururdu. Yəni küçə futbolundakı bir komandanın belə planı, proqramı var, amma Premyer Liqa klubu olan "Keşlə"nin yox. Adamın "Şamaxı" deməyə dili, yazmağa da əli gəlmir e... Niyə də gəlsin axı?

Belə Şamaxı komandası olar? Onsuz da "Keşlə"nin yeni adla bölgəyə gedişi süni gedişatdan başqa bir şey deyil.

Ən sadə Şamaxılı futbol azarkeşi də bilir ki, bölgələrə böyük futbolun aparılması adı ilə "Keşlə"nin "Şamaxı"ya dəyişdirilməsi baş aldatmaqdan, insanların hissləri ilə oynamaqdan başqa bir şey deyil.

Heç olmasa bu boyda həngamənin qabağında oynadığınız rolu bir az diri oynayın da. Məsələn, indidən ev oyununun afişasını yayın. Rayonda təbliğat aparılsın. Komandanın ilk məşqinin saatı elan olunsun. Komandada Harri Keyn kimi məşhur futbolçunun "Tottenhem"dən komanda yoldaşı olmuş Oduva adlı futbolçusu var. Azarkeşlərlə onun görüşün təşkil edin, azyaşlı fanatlarda futbol sevgisi daha da canlansın və.s, və.i.

Bunları eləmək ki çətin deyil. Heç güclü maliyyə də lazım deyil. Sadəcə futbolun inkişafını, bölgələrdə varlığını səmimi, içdən, həqiqəti ilə istəmək yetər. Bax, sizdə çatmayan da son sadaladıqlarımdır. O da olmayanda hər şey indiki kimi süni və cılız görsənir...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti