Xəbər verdiyimiz kimi, Kamal Quliyev bundan sonra “Keşlə”nin məşqçilər korpusunda yer almayacaq.
Ötən aydan səhhətində problemlər yaranan 45 yaşlı mütəxəssis fəaliyyətini klubun Futbol Akademiyasında əlaqələndirici kimi davam etdirəcək.
Bəs, Quliyevin boşaltdığı postda onu kim əvəzləyəcək? Baş məşqçi Sənan Qurbanov yeni köməkçisi qismində kimi görür?
Suala cavabı elə baş məşqçinin özü ilə söhbətdə tapmağa çalışdıq:
“Bildiyiniz kimi, Rail Məlikovla Ruslan Əmircanov futbolçu karyeralarını başa vurmaq üzrədirlər. Artıq neçə vaxtdır məşqçilik kurslarında iştirak edir, bu işin sirrlərini öyrənirlər.
Məşqçi kimi bizə lazım olan köməkliyi göstərirlər. Məşqçilər korpusunda Camaləddin Əliyev, Zaur İsmayılov, Omar Feytosa da yer alıb. Yəni heyətimiz genişdir, bu baxımdan problemimiz yoxdur”.
Kamal Quliyev 2020-ci ilin yayından “Keşlə”nin əsas komandasında köməkçi-məşqçi işləyirdi. Sənan Qurbanov isə baş məşqçi postuna ötən ilin yanvarında yiyələnib.
HƏBİB / SPORTİNFO.AZ

