“Səhhətində problemin yaranması işini bir az da ağırlaşdırdı, ona görə də…”

17 Fevral 2022 20:40 Şamaxı 901
“Səhhətində problemin yaranması işini bir az da ağırlaşdırdı, ona görə də…”

Millimizin sabiq futbolçusu Kamal Quliyevin “Keşlə”nin əsas komandası ilə yolları ayrılıb.

Sportinfo.az müəmmalı ayrılıq xəbərini yayaraq, daxildə baş verən gizlinlər barədə məlumat vermişdi.

Bir daha xatırlatmaq istəyirik ki, 45 yaşlı mütəxəssis ötən ay səhhətində yaranmış problemlərə günü 20 günlük bülliten açdırmış, daha sonra evdə müalicə olunduğunu deyərək icazə müddətini bir qədər də artırmışdı.

Lakin tez-tez Bakıda və Sumqayıtda görünməsi Sənan Qurbanovun qulağına çatdığından, baş məşqçi rəhbərlikdən onunla yolların ayrılmasını istəmişdi ki, yekunda Kamal Quliyev əsas komandada köməkçi-məşqçi postundan ayrılaraq “Keşlə”nin akademiyasında fəaliyyətə başlayıb.

Qəribə görünən ayrılıq xəbərinin əsl səbəbini üzə çıxarmaq, Kamal bəyin işinə soyuq yanaşmasının “niyə”sini bilmək üçün Sənan Qurbanovla əlaqə saxladıq.

“Qırmızılar”ın çalışdırıcısının cavabı belə oldu: “Bəli, Kamal Quliyev əsas komandadan ayrılıb. Bu da səhhətində yaranmış problemə görədir. Uzun müddət məşq proseslərində iştirak edə bilmədi.

Kamal onsuz da iki işi yerinə yetirirdi. Əsas komandada köməkçiydi, akademiyada əlaqələndirici. Bilirdik ki, işi ağırdır.

Səhhətində problemin yaranması işini bir az da ağırlaşdırdı. Ona görə də bütün güc və diqqətini akademiyaya ayırmalı oldu”.

Sənan bəy köməkçisinin əsas komandadan ayrılmasında rolunun olmadığını deyərək, Quliyevlə münasibətlərinin qaydasında olduğunu diqqətə çatdırıb:

“Arada inciklik o vaxt ola bilər ki, kimsə işdən çıxıb işsiz, çörəksiz qalsın. Şükürlər olsun, Kamalda belə problem yoxdur.

Dediyim kimi, akademiyadakı işini davam etdirəcək. Xəstəliyi, üstəgəl, iki iş birdən – çatdırmaq çətindir. Bir də görürsən, Qaxda oyunlar olur, ora gedir, baxır, maraqlanır.

Burda böyütməli heç nə yoxdur. Kamalla münasibətimiz əvvəlkitək qaydasındadır. Onun komandamız üçün gördüyü işləri dana bilmərəm.

Akademiyanın əlaqələndiricisi olaraq bizə çox köməyi dəyib. Əsas komandaya Kamal, Qurban, Vüsal kimi gəncləri gətirib.

Həqiqətən akademiyada işi çoxdur. Əsas odur ki, “Keşlə”dədir və birlikdə çalışmaqda davam edəcəyik”.

Kamal Quliyev 2020-ci ilin yayında əsas komandada köməkçi-məşqçi işləyirdi. Sənan Qurbanov isə 2021-ci ilin yanvarından “Keşlə”nin baş məşqçisidir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti