“Keşlə”nin kamerunlu sabiq legioneri Anatoli Abanq maraqlı fikirlərlə diqqət mərkəzinə düşüb.
25 yaşlı hücumçu “feysbuk” səhifəsində Birləşmiş Ərəb Əmirlikləri komandasında iştirak etdiyi son 5 oyunda 4 qola imza atdığını yazıb və buna görə komanda yoldaşlarına təşəkkür edib.
Kamran Abbaszadə adlı sosial şəbəkə istifadəçisi Abanqa belə bir sualla müraciət edib: “Bəs “Keşlə”də niyə qol vura bilmirdin?”
Afrikalı sanki bu sualı gözləyirmiş kimi, ürəyini boşaltmaq üçün fürsət qazanıb. Azərbaycanda rəqib qapıçıları məyus edə bilməməsinin səbəbini özündə yox, komanda yoldaşlarında görüb:
“Çünki qol vurmağım üçün bir nəfər də olsun mənə ötürmə vermirdi. Amma burda mənə güvənirlər və qol vurmağım üçün ötürmələr verirlər.
Futbolu 11 nəfər oynayır, 1 nəfər yox”.
Kamerunlu hücumçu 2021-ci ilin yanvarından dekabrına qədər “Keşlə”nin heyətində meydana çıxdığı 28 oyunda cəmi 5 qol vurub.
O, ötən ay BƏƏ-nin Birinci Liqa təmsilçisi “Əl-Bataeh”lə müqavilə imzalayıb. Abanqın Dubay klubu ilə sözləşməsi 6 aylıqdır.
HƏBİB / SPORTİNFO.AZ

