Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış 12 günlük fasilə bu gün başa çatır.
Birinci dövrənin son turunun ilk matçında autsayder komandalar üz-üzə gələcək.
Son iki turda 4 xal topladığı üçün postunda saxlanılan Sənan Qurbanovun komandası “Keşlə” “Səbail”in qonağı olacaq. Qəsəbə təmsilçisi “ASCO Arena”da qələbə qazanmaqla rəqibini turnir cədvəlində qabaqlamağa çalışacaq.
Lakin “Səbail”in son 7 görüşün yalnız 1-də “Keşlə”yə uduzmasını nəzərə alsaq, qonaqların işi asan olmayacaq.
Hər şey sabiq “bankirlər“in istədiyi kimi başa çatsa, Qurbanov daha 3-4 tur özünü rahat hiss edəcək, başı üzərində toplaşmış qara buludları nisbətən özündən uzaqlaşdıracaq.
Ötən 2 turda əldə edilən 4 xal gənc çalışıdırıcıya yönəlik təzyiqləri müəyyən qədər azaldıb və bu gün qələbə qeydə alınarsa, “kəfəni yırtmış“ sayılacaq.
Bunu rəhbərlik də Qurbanovun özünə eşitdirib. Diqqətə çatdırılıb ki, tez-tez baş məşqçi dəyişikliyinə getmək istəmirlər, amma nəticələrin müsbət olması onlar üçün çox vacibdir.
SPORTİNFO.AZ