Hacıyevdən Sportinfo.az-ın xəbərinə - REAKSİYA

3 Noyabr 2019 22:00 Səbail 930
Hacıyevdən Sportinfo.az-ın xəbərinə - REAKSİYA

"Bizim aramızda heç bir problem yoxdur" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, saytımızda gedən "Səbail"in kapitanı baş məşqçini vecinə almadı" xəbəri ilə əlaqədar redaksiyamızla əlaqə saxlayıb.

Premyer Liqanın 10-cu turunun "Səbail" - "Keşlə" (0:0) qarşılaşmasında maraqlı məqam diqqəti cəlb edib. Meydan sahiblərinin kapitanı Eltun Yaqublu 82-ci dəqiqədə Orxan Qurbanlı ilə əvəz olunandan sonra məşqçilər korpusu və ehtiyat oyunçular skamyası tərəfə getmədən birbaşa paltardəyişmə otağına yollanıb.

Məlumata görə, təcrübəli futbolçunun baş məşqçi Aftandil Hacıyevlə münasibətlərində soyuqluq yaranıb. Eltun həm bu səbəbdən, həm də əvəz olunmasına etiraz kimi, meydandan çıxanda Hacıyevlə əl sıxmayıb.

Aftandil bəy məsələni başqa cür qiymətləndirir:

"Eltun meydanı tərk etdiyi vaxt mən köməkçilərimlə danışırdım. Bizə yaxınlaşdığını görmədim. Gəlib ehtiyat skamyada əyləşmək istəyərkən, mənə tərəf əlini uzatdı, mən də əlini sıxdım.

Dedim ki, hava soyuqdur, burda da gödəkçə yoxdur, get paltardəyişmə otağına. Eltunun texniki zonaya tərəf gəldiyi epizodun videosunu sizin saytda gördüm. Amma həmin epizod ora düşməyib.

Eltun komandanın kapitanı, mən isə onların baş məşqçisiyəm. Nəinki onunla, bütün futbolçularla münasibətlərimiz yaxşıdır. Bizdə bu cür söhbətlər ola bilməz".

Digər Xəbərlər
Xəbər Lenti