İlk turda “Zirə”yə 0:2 hesabı ilə məğlub olan “Şəfa” 2-ci turda yaxşı mənada təəccübləndirməyi bacardı.
Dübetant Qəbələ səfərində çoxlarının gözləmədiyi halda yerli komandanı məğlub etdi – 1:0.
Oyunun ən yaxşılarından olan niderlandlı yarımmüdafiəçi Dilan Mertens Sportinfo.az-a verdiyi müsahibədə həm qarşılaşma, həm də digər mövzularla bağlı sualları cavablandırıb.
- Qələbə təəssüratlarını eşitmək maraqlıdır.
- Fikrimcə, intizamlı və istəkli futbolla qalib gəlməyi bacardıq. Ən vacibi, ilk oyunda yol verdiyimiz səhvləri təkrarlamadıq. Komanda halında yaxşı mübarizə apardığımızı düşünürəm. Hətta görüşün bəzi anlarında üstünlük nümayiş etdirirdik. Qoldan əlavə mənim və komanda yoldaşlarımın da yaxşı imkanları oldu. Onları da dəyərləndirmək lazım idi. Ümumilikdə ilk 3 xalı qazandığımıza görə xoşbəxtik.
- ”Qəbələ”ni hansı keyfiyyətlərdə üstələdiyinizi düşünürsən?
- Məncə, rəqiblə müqayisədə biz daha ac idik. Belə deyim, qələbəni daha çox istəyirdik. Detallara gəlincə, “ikinci toplar”ın götürülməsində fəallıq nümayiş etdirməyimiz qələbədə mühüm rol oynadı.
- Vətənin Niderlanddan başqa Bolqarıstan və Rusiyada top qovmusan. Azərbaycan Premyer Liqasının səviyyəsi barədə nə deyə bilərsən?
- Çempionat barədə müəyyən təəssüratlara sahib idim. Çünki daha öncə burada oynamış futbolçu dostlarımda xoş sözlər eşitmişdim. Azərbaycan və Bolqarıstan çempionatlarının səviyyəsi və futbol fəlsəfəsi bir-birinə çox yaxındır. Həm taktiki plan önə çıxır, həm də fiziki hazırlıq vacibdir. İkili mübarizələr çoxluq təşkil edir. Bəlkə də yaxından izləməyənlər Azərbaycan Premyer Liqasını yüksək qiymətləndirmirlər. Ancaq işin içində olan biri kimi deyə bilərəm ki, keyfiyyət yaxşıdır.
- Azərbaycanda oynamış dostlarından söz açdın. Kimdir onlar?
- Bu gün rəqib qismində üzləşdiyim Karim Rossini çox yaxşı tanıyıram. İllər öncə “Telstar”da komanda yoldaşı olmuşuq. Ötən mövsüm “Sumqayıt”ın şərəfini qorumuş Rayan Senhadji ilə 2 il əvvəl Rusiya “Fakel”ində birlikdə oynamışıq. Ozan Can Kökçü var, yarı azərbaycanlı, yarı türkdür. Onunla da qiyabi tanışlığımız var. Vaxtilə “Qəbələ”nin şərəfini qorumuş Dion Malone ilə ötən mövsüm “Telstar”ın uğurları üçün tər tökmüşük. 37 yaşı var, hələ də oynayır. Bir sözlə, siyahı genişdir (gülür).
- “Şəfa”ya qədər Azərbaycanın başqa klublarından təklif almışdın?
- Bu, ötən yay baş vermişdi – “Fakel”dən ayrılanda. “Telstar”la müqavilə bağlamamışdan əvvəl “Sumqayıt”la əlaqədə idim. Rayan Senhadji “Sumqayıt”a keçəndən sonra mənə də Azərbaycana gəlməyi məsləhət gördü. Sadəcə həmin vaxt Rusiyadan yeni qayıtdığımdan və xeyli vaxtdır üç övladımdan uzaq düşdüyümdən Niderlandda qalmağı üstün tutmuşdum.
- Zədəyə görə uzun müddət yaşıl meydanlardan kənarda qalmışdın. Özünü necə hiss edirsən?
- 4-5 ay oynamamaq hər bir futbolçu üçün ağırdır. Yay toplanışından maksimum yararlanmağa çalışdım. Fiziki durumum hələ də istədiyim səviyyədə deyil. Üstəlik, oyun təcrübəsinin azlığı da var. Bir neçə həftəyə ideal forma yığacağıma inanıram.
HƏBİB
