Qurban Qurbanovun davamçısı və ya o alqış

10:40 Qarabağ 169
Qurban Qurbanovun davamçısı və ya o alqış

“Tofiq Bəhramov”da, meydandan kənarda başqa bir dram yaşandı.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın final fitindən sonrakı emosiyaları bu qələbənin komanda üçün nə qədər böyük olduğunu göstərirdi.

Göz yaşlarını saxlaya bilməyən litvalı mütəxəssis üçün bu, sadəcə növbəti uğur deyildi. Çünki belə nəticənin arxasında aylarla davam edən iş, təzyiq, məsuliyyət və hər uğursuzluq ehtimalının yaratdığı gərginlik dayanırdı.

Tribunalarda isə həmin hisslər daha da fərqli görünürdü. Kimisi sevincdən ağlayırdı, kimisi yaxınındakı ilə qucaqlaşırdı, kimisi isə sadəcə baş verənlərə inanmağa çalışırdı.

Futbolun ən gözəl tərəfi də budur: 90 dəqiqə ərzində bir klubun nəticəsi minlərlə insan üçün şəxsi emosiyaya çevrilir.

Həmin emosiyanı yaşayanlar arasında Azərbaycan futbolunun ən böyük simalarından biri də var idi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyunu izləyib və “Sabah”ın qələbəsini tribunadan alqışlarla qarşılayıb. Bu görüntü də gecənin simvolik məqamlarından biri idi.

Çünki Azərbaycan futbolunda uzun illər Avropada ölkəmizin əsas bayraqdarı olan “Qarabağ”ın baş məşqçisinin başqa bir Azərbaycan klubunun Çempionlar Liqasına yüksəlişinə sevinməsi bu nəticənin fərdi klub uğurundan daha böyük olduğunu göstərir.

“Qarabağ” bu yolu Azərbaycan futbolunda ilk dəfə açmışdı. 2017-ci ildə Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksələrək tarix yazmışdı. İndi həmin tarixdə ikinci klubun adı var - “Sabah”.

Üstəlik, “Sabah” bu nəticəyə ilk təsnifat mərhələsindən başlayaraq gəlib. Bu detal xüsusilə vacibdir. Çünki klub birbaşa liqa mərhələsinə düşməyib, dörd mərhələnin hamısını keçib.

Hər mərhələdə yeni rəqib, yeni səfər, yeni təzyiq və yeni risk. Bu baxımdan dünənki nəticə bir oyunun deyil, bütün yay boyunca görülən işin nəticəsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!