Təqvim «Turan»ın üzünə gülüb.
İki turdur evdə oynayırlar.
Oynayırlar amma… Oyun yoxdur.
«Turan»ın sayılmayan qolu? Cərimə zərbəsindən sonra top qapı xəttini keçmişdi.
Tər-təmiz epizoddur, heç mübahisə etməyə dəyməz. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun bu barədə şərhini atın zibil yeşiyinə.
«VAR ayın görünməyən epizoda müdaxilə edə bilməz» söyləyən bu cavan hakimbaşıya fikir verməyin. O, gözümüzün içinə baxa-baxa yalan üyüdür, utanmır da.
Gərək kor olasan ki, əlinin altındakı altı kameradan birində də topun qapı xəttini keçməsini görməyəsən. Rəhim Həsənov özünü bu yola qoyubsa, heyf ondan.
Belə insan kimi yaxşı biridir, oturasan, çay içəsən, söhbət edəsən. Amma vəzifəsini qorumaq üçün bu cür yalanlar uydurması onu hörmətdən salır, abrını itirməyə razılaşır.
Olmaz, etmə bunu, həyanı itirmə, Rəhim!
Həyat bumeranqdır, bu gün etdiklərin, dediklərin sabah ox olub gözünə, üzünə batacaq, peşman olacaqsan. Bu «Turan», onsuz da, çempion olan, sonadək zirvəyə iddia edən deyil.
Kurban Berdiyev yaxşı iş görmür. Komandası istəksizdir: yeriyirlər, oynamırlar. Keçənilki nəticəni təkrarlayacaqları, üçüncü yeri tutacaqları da az inandırıcıdır.
«Şamaxı»nı udmaq üçün bir az hərəkət etmək tələb olunur, vəssalam! «Turan»ın futbolçularında bu məqsəd yoxdursa, əlbəttə, baş məşqçi sorğulanmalı, eyni zamanda, kollektivdaxili incələnmə aparılmalıdır.
Şərait baxımından hər şey indi daha yaxşıdırsa, oyunlara köklənmə niyə bu qədər aşağı düşsün ki? mütləq ki, içəridə hardasa bir «qopma» var.
Bu, hansısa «əməliyyat» da ola bilər.
ELNUR
