"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində sabah "Tvente"yə qarşı keçirəcəkləri cavab oyunundan danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyuna yaxşı hazırlaşdıqlarını deyib:
- Əvvəlcə "Sabah"ı təbrik etmək istəyirəm. Çox böyük uğur əldə etdilər. Çempionlar Liqası yenidən Bakıya gələcək. Bu, çox gözəldir. Özümüzə gəldikdə isə bizim üçün çox vacib oyundur. Yaxşı, baxımlı futbol göstərən komandaya qarşı çıxış edəcəyik. İnanıram ki, çox maraqlı oyun alınacaq. Bəlkə də bizim hazır olmadığımız və ya onların hazır olmadığı gedişlər olacaq. Son şansımızdır. Çalışacağıq ki, maksimum istifadə edək və azarkeşlərimizi sevindirək. Hazırlığımız pis keçməyib. Sabahkı oyunu gözləyirik.
- "Qarabağ" indiyədək səfərdə qalib gəldikdən sonra yalnz 1 cavab görüşündə uğursuz olub. Həmin vaxt APOEL-ə uduzmuşdunuz. Bu "Tvente" APOEL qədər təhlükəlidir?
- APOEL-lə "Tvente"ni müqayisə etmək mənim üçün çətindir. Çünki futbol ildən-ilə dəyişir. Bu, o qədər də asan cavablandırılacaq bir sual deyil. Çünki fərqli komandalardır. O vaxt bizim də fərqli komandamız var idi. Mən həmişə belə oyunlarda rəqibdən çox özümüzü dəyərləndirmişəm.Yəni, bizim hazırlığımız hansı səviyyədədir, istənilən gedişləri edə biləcəyikmi. Məni bir az narahat edən tərəf budur. Digər tərəfdən də bu, oyundur. İstənilən nəticə ola bilər. Mən belə statistikalara çox da önəm vermirəm. Çünki bu, mənə mane ola bilər. Sadəcə hamımız oyuna köklənmişik. Həddindən artıq diqqətli olmalıyıq. Çünki rəqibin hücum xəttində çox potensiallı futbolçuları var. Xeyli sayda düşünülmüş hücum qururlar. Ən əsası, öz istədiklərimizi meydanda tətbiq etməyə çalışmalıyıq.
- İndiyədək 3 kritik oyunda azərbaycanlı futbolçular qol vuraraq komandalarımızın mərhələ adlamasına səbəb olublar. Bunlar Nəriman Axundzadə, Bəhlul Mustafazadə və Tellur Mütəllimovdur. Legionerlərin çox olduğu dövrdə bir azərbaycanlı futbolçunun belə qol vurması təsadüfdür, yoxsa bizim futbolçuların xarakterinin göstəricisidir?
- Biz buna ancaq sevinə bilərik. Təsadüf deməzdim. Bu, bəlkə də onların alın yazısıdır. İllər keçdikdən sonra geriyə baxanda həmin futbolçuların adı önə çıxacaq. Onların azərbaycanlı olması əlbəttə ki, çox sevindirici haldır. Hər bir futbolçunun üzərinə düşən yük, məsuliyyət var. Onlar həmin yükü layiqincə aradan qaldırırlarsa, buna ancaq böyük dəyər verə bilərik. Həmin futbolçuları ayrı-ayrılıqda təbrik edirəm. Təəssüf ki, bəzən belə futbolçular davamiyyətli olmurlar, az sayda oyuna çıxırlar. Hətta bəzən unudulurlar. Amma onların gələcəkdə unudulmayacaq çox böyük izləri var. Buna görə təbrik edirəm.
- Səfərdəki ilk oyunda 1:0 hesablı qələbə qazanmısınız. Belə cavab matçlarında sizin üçün əsas təhlükə nədir - hesabın futbolçularda yaratdığı rahatlıq, yoxsa rəqibin erkən qol axtarışı?
- Təhlükə bizim hesabda öndə olmağımızdır. Çünki rəqib daha ciddi hazırlaşır və öz potensialını meydanda maksimum göstərməyə çalışır. Amma hər bir halda 1:0 öndə olmağımız əlavə üstünlükdür. Ümumiyyətlə, Niderlandda belə bi qərar qəbul olunub ki, pley-off mərhələsində yerli çempionat oyunları təxirə salınır. Bu, komandaların yaxşı hazırlaşması üçündür. Rəqib bir həftəni yaxşı hazırlaşıb. Təhlükə gözləmirik. Bizim özümüzün oyuna necə köklənəcəyimiz çox vacibdir. "Tvente" mənim üçün çox maraqlı, baxımlı futbol oynayır. Özüm də belə futbol xoşlayıram, sistematik, hər hücum, hər addım düşünülmüş... Gedişatda daim oyunun içində olmalıyıq.
- Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Ehtiyac yaranarsa, Hikmət Cəbrayılzadə və Əli Bəşirov oyunun ağırlığına psixoloji cəhətdən hazırdırlar?
- Hikmətdə problem olmaz. Çünki uzun müddətdir ki, bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə olanda, həyəcanı hiss olunurdu. Bu da sevinc həyəcanı idi. Yenə də məcbur qalsaq, çəkinmədən meydana buraxmağa hazıram. Çünki biz futbolçular bu cür böyümüşük. Hansısa risklərə getmişik, hansısa böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.
- "Tvente" sabah yəqin ki, ilk oyundakından fərqli heyətlə meydana çıxacaq. Bəs "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir?
- Tapşırıqlar mütləq olacaq. Bəzi səhvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə çox inanmıram. Oyunlarını təhlil etmişik, optimal heyətləri var. Bir həftə yaxşı vaxtları olub. Bizdə də ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir.
- Musa Qurbanlının sabahkı matçda start heyətində yer alması realdır?
- Bu gün məşqimiz var. Ola bilər ki, sabah səhər son məşqimizi edək. İstənilən oyunçunun meydanda olmaq şansı var. Musa son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Zədədən sonra xeyli dəyişiklik olub. Daha da yaxşı olmasını istəyirik. Gözləyirik. Oyunçunun da buna ehtiyacı var. Çünki get-gedə tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar. Bu, bizim üçün problemdir, amma digər tərəfdən də inkişaf üçün sıçrayışdır. "Sabah"ın uğurlu nəticəsindən sonra inanmıram ki, Azərbaycanın istənilən klubuna avrokuboklarda elə-belə yanaşsınlar. Bunun faydası olacaq, ziyanı yox.
- Son vaxtlar Dieqo Rosanın "Qarabağ"a gələ biləcəyi iddia edilir...
- Bilmirəm. Ola bilər (gülür). Olmaya da bilər. Çox oyunçular var. Hər gün hansısa adlar gedir. Hər şey ola bilər.
- İllər əvvəl Niderlanddan "Tvente" ilə oyundan sərfəli nəticə ilə dönmüşdünüz. Sizcə, hansı "Tvente" güclüdür, 12 il əvvəlki, yoxsa indiki?
- Bəlkə nəsə deməyim yalnış olar. Çünki desəm ki, bugünkü "Tvente" güclüdür, deyəcəklər ki, özünü sığortalayır. Bu səviyyədə zəif komanda olmur. Amma əminliklə deyə bilərəm ki, 3-5 il əvvəlki futbolla bugünkü futbol arasında çox böyük fərq var. İstər taktikada, istər dinamikada, istər sürətdə, istər texnikada - istənilən komponentdə bugünkü futbol daha üstündür.
- Vaxtilə Zaqreb "Dinamo"su ilə qarşılaşdığınız zaman sizə ən çox çətinlik yaradan futbolçulardan biri Marko Pyaça idi. Hazırda "Tvente"də oynayır və hətta ilk oyunda da ən aktiv futbolçulardan oldu. Pyaçaya qarşı hansısa xüsusi bir tədbir görmüsünüzmü?
- Hər futbolçunun öz üstün xüsusiyyəti var. Biz mütləq şəkildə onların üstün tərəflərini öz futbolçularımıza göstəririk, qarşısını almaq üçün addımlar atırıq. "Tvente"nin hücum xəttində yaxşı futbolçular çoxdur. Topla aktiv davranrlar. Futbolçularımız onların hər birinə qarşı çox diqqətli olmalıdırlar. Çünki hücum potensialları yuxarıdır. Ümumiyyətlə, "Tvente" bu cür davam etsə, daha böyük uğurlar əldə edə biləcək potensialdadır.
