Çempionlar Liqasının əsas mərhələsinə yüksələn “Sabah”ın adı qonşu ölkələr – Gürcüstanla Ermənitsnada dillər əzbəridir.
Cəmi 9 il əvvəl yaranan və tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan təmsilçimizin dörd mərhələni uğurla adlaması insanlara möcüzə kimi görünür.
Sosial şəbəkə istifadəçiləri “Sabah”ın bu yerə gəlib çıxmasına müxtəlif cür yanaşır.
Erməni futbol azarkeşi Sevak Musatyan kimi. Stajlı futbolsevər səhifələrin birində “bayquşlar”ın qazandığı uğura qısqanc, eyni zamanda düşündürən reaksiya verib:
“Azərbaycan “Sabah”ının start heyətində cəmi bir etnik azərbaycanlı – Rəhman Daşdəmirov var idi.
87-ci dəqiqədə isə Mütəllimov və milliləşdirilmiş dağıstanlı Abdulla Xaybulayev meydana çıxdılar.
17 futbolçudan cəmi 2,5-i azərbaycanlıdır…
Amma bu, heç bir halda “Sabah”ın uğurunu kölgədə qoymur.
Mən bunu ona görə deyirəm ki, Azərbaycanın milli komandası niyə zəif, klubları isə güclüdür. Çünki pul var, güclü legionerlər alınır, perspektivli azərbaycanlı futbolçular isə heyətdən kənarda qalır və tezliklə ruhdan düşürlər.
Eyni problem Ermənistanda da mövcuddur. Amma bizim güclü klublarımızın start heyətində azı 4-5 erməni futbolçu oynayır, zəif klublarda isə onların sayı daha çoxdur.
Qonşu kimi “Sabah”ı təbrik edirəm. Onlar bu uğura inadkar və mübariz oyunları ilə layiq oldular”.
“Sabah”ın əsas mərhələdəki rəqiblərinin adına avqustun 27-də aydınlıq gələcək.
Həmin gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda 36 komandanın iştirakı ilə püşkatma mərasimi keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
