“Sabah”da yaxşı futbolçu var, yoxsa..?

17:40 Sabah 165
“Sabah”da yaxşı futbolçu var, yoxsa..?

Dünən fərdi qəhrəmanlar az olmadı.

Tellur Mütəllimovun son dəqiqələrdə vurduğu qol oyunun taleyini dəyişdi.

Umarali Rəhmanəliyev dönüşün əsas fiqurlarından birinə çevrildi. Əlavə vaxtda Mbina və Mikels isə işi tamamladılar.

Amma bu oyunun “ən yaxşı futbolçusu”nu seçməkdənsə, ən yaxşısının komandanın özü olduğunu demək daha doğrudur.

Çünki belə gecələrdə bir nəfərin deyil, bütün kollektivin xarakteri nəticə verir.

Meydandan kənarda isə başqa bir dram yaşanırdı.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın final fitindən sonrakı emosiyaları bu qələbənin komanda üçün nə qədər böyük olduğunu göstərirdi.

Göz yaşlarını saxlaya bilməyən litvalı mütəxəssis üçün bu, sadəcə növbəti uğur deyildi. Çünki belə nəticənin arxasında aylarla davam edən iş, təzyiq, məsuliyyət və hər uğursuzluq ehtimalının yaratdığı gərginlik dayanırdı.

Tribunalarda isə həmin hisslər daha da fərqli görünürdü. Kimisi sevincdən ağlayırdı, kimisi yaxınındakı ilə qucaqlaşırdı, kimisi isə sadəcə baş verənlərə inanmağa çalışırdı.

Futbolun ən gözəl tərəfi də budur: 90 dəqiqə ərzində bir klubun nəticəsi minlərlə insan üçün şəxsi emosiyaya çevrilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti