Qurban Qurbanovun izi ilə və ya Pokatilovun nə günahı var?

21:00 Sabah 164
Qurban Qurbanovun izi ilə və ya Pokatilovun nə günahı var?

"Sabah" Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"i (Beer-Şeva) məğlub edərək tarixində ilk dəfə turnirin liqa mərhələsinə vəsiqə qazandı.

Cavab görüşündə Tellur Mütəllimov son saniyələrdə fərqlənərək qəhrəman oldusa, günün ən uğursuz adamı Stas Pokatilov idi.

Qazaxıstanlı qapıçı buraxılan iki qolda kobud səhvə yol verdi. Bir epizodda isə eyni səhvdən sonra bəxtimiz gətirdi.

Bəs əcnəbi qapıçının eyni xətaları təkrar-təkrar etməsi təsadüfi idi?

Əsla.

Əminəm ki, Pokatilov öz ağlına qalsa, həmin epizodlarda topu irəli vurardı. Qapısını da təhlükədən uzaqlaşdırar, özü də bu qədər tənqid olunmazdı.

Amma təcrübəli qapıçı buraxdığı səhvlərə rəğmən eyni yanaşmanı davam etdirməyə məcbur idi.

Çünki bunu ondan baş məşqçi Valdas Dambrauskas tələb edirdi.

Rəqibin təzyiqindən çıxmağın başqa yolu yox idi. Riskli olsa da, bu oyun planının vacib hissəsi idi.

Əks halda, irəli vurulan toplar başqa formada, bəlkə də daha təhlükəli şəkildə geri qayıda bilərdi.

Eyni səhvləri vaxtilə "Qarabağ"da Şahruddin Məhəmmədəliyev də az etməyib.

Elə buna görə Pokatilovun dünənki səhvləri çoxlarına Şahruddini xatırlatdı.

Bənzərlik az deyildi.

Həm tapşırıqda, həm də icrada.

Sadəcə adlar dəyişmişdi.

Qurban Qurbanovun Şahruddin Məhəmmədəliyevdən istədiyini bu dəfə Valdas Dambrauskas Stas Pokatilovdan tələb edirdi.

Seçim doğru idi, sadəcə icrada problemlər yaşandı.

Bəli, Pokatilovu tənqid etmək olar, amma əsas günahkar deyil.

O, sadəcə baş məşqçinin tələb etdiyi futbolu oynayırdı. Yekun nəticə uğurludursa, deməli seçilən yol da doğrudur. Səhvlərinə rəğmən...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti