Çempionluq yolunda inamla addımlayan “Sabah” növbəti qələbəsini darmadağınla qazandı.
“Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edən “tələbələr” yekunda böyük hesablı qələbəyə sevindi – 7:1.
Sportinfo.az-a müsahibə verən İvan Lepinitsa möhtəşəm zəfərlə bağlı sualları cavablandırıb.
- 5 gün əvvəl penalti zərbələri hesabına üstələdiyiniz rəqibin qapısından bu gün 7 top keçirdiniz. Nə dəyişdi ki?
- Çox yaxşı performans nümayiş etdirdik. Xüsusən ilk hissədə. Əvvəldən planladığımız bütün gedişlər baş tutdu. Kubok qarşılaşmasından sonra motivasiya hədsiz yüksək idi. Qəbələdə buraxdığımız səhvləri təkrarlamağa haqqımız yox idi. Səhvsiz oynayanda sonluq belə olur. Layiqli qələbə qazandığımızı düşünürəm.
- Belə başa düşdüm ki, “Qəbələ”nin etdiyi zarafatın cavabı ağır oldu.
- “Qəbələ”lik bir şey yoxdur. Biz özümüzə əsəbi idik. Çünki səhvləri biz buraxmışdıq, rəqib yox. İstər “Qarabağ”la, istərsə də “Qəbələ” ilə görüşlərdə yol verdiyimiz səhvlər bizə problem yaratmışdı. Bu dəfə nə edəcəyimizi yaxşı bilirdik. Ona görə də lazım olan qolları vurub, davamını gətirdik.
- “Sabah” cari mövsümdə inanılmaz sürət və intensivlik nümayiş etdirir. Bu qədər güc sizdə hardandır?
- Bu, yayda başlayan prosesin nəticəsidir. Gücü 1-2 ayın içində yığmaq mümkün deyil. Bunun üçün mütəmadi və sistemli çalışmalısan. Baş məşqçinin bizdən nə istədiyini bilirik və ona uyğun addım atırıq. “Sabah”ın oyun fəlsəfəsi formalaşıb. Üstəlik, kollektivdə yüksək əhval-ruhiyyə var. Fiziki hazırlıqla yanaşı psixoloji durumun da yaxşı olması mütləqdir. Bizdə hər ikisi var. Uzun müddətdir birlikdə çıxış etməyimiz də anlaşma baxımından işimizi rahatlaşdırır. Bir sözlə, gördükləriniz sistemli işin nəticəsidir.
- Bu gedişlə “Qarabağ”ın çempionluq seriyasına son qoymaq mümkün görünür?
- Çox uzağa getməyin tərəfdarı deyiləm. Qarşıda 10 oyun var. Bu isə kifayət qədər zaman deməkdir. Sabahdan diqqətimizi “İmişli” ilə matça yönəldəcəyik. Çempionluq barədə mayda danışarıq.
HƏBİB

