Bəzi futbol oyunları hesabla, bəziləri isə yaratdığı hisslərlə yadda qalır.
“Sabah”ın dünən “Hapoel Beer-Şeva” üzərində 5:2 hesablı qələbəsi və Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması məhz belə oyunlardan biri oldu.
Bu, sadəcə bir komandanın növbəti mərhələyə keçməsi deyildi. Bu, Azərbaycan futbolunun illərdir gözlədiyi başqa bir səhnənin yaranması idi.
Stadionda sevinc, tribunada göz yaşları, meydanda futbolçuların bir-birinə sarılması və kənarda matçın son saniyələrini yaşayan insanların reaksiyası dünənki gecəni adi avrokubok oyunundan fərqləndirdi.
Əslində, “Sabah” bu hekayəni çoxdan yazmağa başlamışdı.
Çempionlar Liqasına ilk təsnifat mərhələsindən başlayan Bakı klubu ardıcıl olaraq “The New Saints”, “KuPS”, “Aarhus” və “Hapoel Beer-Şeva” kimi rəqibləri mübarizədən kənarlaşdırdı.
Dörd mərhələ, çoxsaylı səfərlər, təzyiq altında keçirilən oyunlar və hər dəfə bir qədər də böyüyən məsuliyyət.
Nəticədə isə Azərbaycan futbolunda yalnız “Qarabağ”ın bacardığı bir işə imza atıldı: “Sabah” Çempionlar Liqasının əsas, yəni liqa mərhələsinə yüksəldi.
Lakin dünənki gecəni xüsusi edən məhz son rəqiblə qarşılaşmanın ssenarisi idi.
SPORTİNFO.AZ
