"Qarabağ" hamıdan 3-4 baş güclüdür" - "SƏBAİL"İN KAPİTANI

24 Sentyabr 2019 15:40 Səbail 615
"Qarabağ" hamıdan 3-4 baş güclüdür" -

“Səbail”in kapitanı Rahid Əmirquliyev Sportinfo.az-a müsahibə verib:

- Yola saldığımız turda “Səbail” evdə “Qəbələ” ilə qarşılaşdı və bərabərə qaldı. Nəticə sizi razı saldı?
- “Qəbələ”yə qarşı oyun bizim üçün ağır keçdi. Rəqib son zamanlar yaxşı oyun nümayiş etdirir. Baş məşqçi dəyişikliyindən sonra hətta keçən tur qələbə də qazanmışdılar. Bizimlə oyunda da yaxşı oynadılar. İki fərqli hissə oldu. İlk yarıda “Qəbələ” bizdən üstün idi. Amma fasilədən sonra demək olar ki, oyun tam bizim nəzarətimizdə keçdi. Bərabərlik qolunu vursaq da, istədiyimiz nəticəni əldə edə bilmədik.

- Qələbə qazana bilməməyinizin səbəbi nədir? Sizə nə mane oldu?
- Nəticədən razı qala bilmərik. Evdə oynayırdıq və qalib gəlmək niyyətindəydik. “Qəbələ” son vaxtlar yaxşı oyun nümayiş etdirir. Bizimlə görüşün ilk yarısında da yaxşı oynadılar. Hava küləkli olduğundan oynamaq çətin idi. Ümumi götürəndə birinci hissə çox zəif çıxış etdik. İkinci yarıda qol imkanlarımız oldu, yalnız birindən istifadə edə bildik.

- "Səbail” hazırda turnir cədvəlində ikinci pillədədir. “Qarabağ”a çatmağınız mümkündür?
- Hələ ki bizim üçün hər şey yaxşı gedir, ikinci pillədəyik. Qarşımıza çempionatı ikinci yerdə başa vurmaq vəzifəsi qoyulmayıb. Amma çalışırıq ki, hər oyun qələbə qazanaq və yuxarı pillələrə qalxaq. “Qarabağ”a çatmaq çətin məsələdir. “Qarabağ” digər komandalardan fərqlənir, hamıdan 3-4 baş güclüdür. Məncə, bu mövsüm də “Qarabağ” çempionluğu bayram edəcək. Çempionatı ikinci pillədə başa vursaq bizim üçün böyük uğur olacaq.

- "Neftçi” çempionluq uğrunda mübarizə aparsa da, hazırda beş xalla altıncı pillədədir. “Neftçi”nin bu vəziyyətdə olması sanki sizin də işinizə yaradı.
- Çempionat başlamamışdan əvvəl “Qarabağ” və “Neftçi” favorit hesab edilirdi. Amma “Neftçi” mövsümə uğursuz start verib. Məncə, “Neftçi” özünə gələcək və yuxarı yerlər uğrunda mübarizə aparacaq. İnanmıram ki, “Neftçi” “Qarabağ”a çatsın. Amma istənilən halda medallar uğrunda yarışacaq.

- Növbəti tur “Səbail”in rəqibi “Sabah” olacaq. Səfərdə keçiriləcək oyunda hansı nəticəyə ümid edirsiz?
- "Sabah”a qarşı səfər oyunları hər zaman çətin keçib. Onlar çempionata çox pis başlayıb. Buna rəğmən bizi ağır oyun gözləyir. Onlarda da baş məşqçi dəyişikliyi olub. Evdə oynayırlar, qələbə qazanmaq istəyəcəklər. Bizi çətin oyun gözləyir. Amma yaxşı hazırlaşıb uğurlu nəticə əldə etmək istəyirik.

- "Qarabağ” 5 oyuna maksimum xal toplayıb. Bu mövsüm də Ağdam klubunun erkən çempion olacağını gözləmək olar?

-“Qarabağ” 5 oyunun hamısını udub. Çempionatda “Qarabağ”la “Neftçi” əsas favorit hesab edilirdi. Çoxları onların mübarizəsini gözləyirdi. Ancaq “Neftçi” çempionata pis başlayıb. “Qarabağ” da bundan istifadə edərək, birinci yerdə qərarlaşıb. Hələ ki qarşıda oyun çoxdur. Amma görünən odur ki, gözlədiyimiz rəqabət bu mövsüm olmayacaq. Düşünürəm ki, “Qarabağ” yenə çempion olacaq.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!