Bakı klubu futbolçusunu BU QİYMƏTƏ satmağa hazırdır

16 Yanvar 2022 09:40 Səbail 1 372
Bakı klubu futbolçusunu BU QİYMƏTƏ satmağa hazırdır

“Səbail”li Turan Manafovun transfer mövzusu gündəm olub.

Yunanıstanın Birinci Liqa təmsilçisi “Olimpiakos Volos”un israrla heyətinə qatmaq istədiyi “3 nömrə”ni müqavilə ilə məxsus olduğu “Səbail” buraxmır.

23 yaşlı müdafiəçinin ölkə daxilində də iki “elçi”si var – biri “Qəbələ”dir, o biri “Sumqayıt”.

Keçidin reallaşmasına mane olan səbəb Turanın “dənizçilər”lə anlaşmasının bu ilin yanvarında başa çatmasıdır. Bu isə o deməkdir ki, futbolçunu heyətinə qatmaq istəyən klub “Səbail”lə maliyyə planında razılığa gəlməlidir.

Bəs söhbət hansı məbləğdən gedir?

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Manafovun Bayıl təmsilçisi ilə imzaladığı sənəddə transfer məbləği 200-250 min manat arası göstərilib.

Cari mövsümün ilk yarısında bütün oyunlarda meydana çıxıb 1 qola imza atan futbolçuya görə hələ ki, heç bir klub maddi şərt irəli sürməyib.

Yunanlar U-21-in sabiq üzvünü 1 qəpik də ödəmədən qoparmaq istəyir. “Sumqayıt”, ümumiyyətlə, rəsmi təklifdə bulunmayıb. Əlini cibinə salmağa razı olan “Qəbələ”dir ki, bölgə təmsilçisinin təklifi “Səbail” rəhbərliyinin ürəyincə deyil.

“Qırmızı-qaralar” Turana sahib olmaq üçün klubuna 10-15 min manat, üstündə gənc futbolçu təklif edib. Bu təklif “dənizçilər”in başbilənlərini güldürməkdən başqa işə yaramayıb.

İş burasındadır ki, bayıllılar Manafovu satmağa hazırdır. Və söhbət sənəddə göstərilən 200-250 mindən yox, daha az məbləğdən gedir.

Yəni sabah hansısa klub “Səbail”lə danışıqlar masası arxasına keçib, məsələn, 30-40 min dollar təklif etsə, sövdələşmənin baş tutmaq ehtimalı kifayət qədər yüksəkdir.

Onsuz da klubla futbolçu arasındakı anlaşma maya qədərdir. Biri var, 4 aydan sonra havayı getsin, biri də var, indi pul qazanmaq mümkün olsun.

Qısası, Turan Manafovun transfer dəyəri 50 min manatdan aşağı olmayacaq. Minimum bu qədər ödəmək lazımdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!