Rusiyalı baş məşqçi Azərbaycan klubuna nə verə bilər?

20 Noyabr 2021 13:00 Sabah 1 830
Rusiyalı baş məşqçi Azərbaycan klubuna nə verə bilər?

Qısa müddətli tarixinə rəğmən "Sabah"ı çox sayda baş məşqçi çalışdırıb.

Klub İspaniyalı Visente Qomesə, Xorvatiyalı Jelko Sopiçə, yerli mütəxəssislərdən Elşad Əhmədov və Ramin Quliyev kimi simalara tapşırılsa da uğur qazanmaq mümkün olmadı.

Masazır təmsilçisi bu dəfə tam başqa "bazar"a - Rusiyaya üz tutaraq Murad Musayevi kluba baş məşqçi kimi dəvət etdi.

Bu təyinat "Sabah"a nə verə bilər? Ümumiyyətlə, ispanla, xorvatla gəlməyən uğur rusiyalı mütəxəssislə əldə oluna bilərmi? Musayevli "Sabah"la hansı gələcək görsənir?

Sadaladığım suallara cavab tapmaq üçün FİFA meneceri Vaqif Heydərli ilə söhbətləşməyə qərar verdim.

Vaqif bəy mövzu ilə bağlı bunları deyib: "Sizin də dediyiniz kimi "Sabah" yeni komanda olmasına baxmayaraq artıq 4 baş məşqçi dəyişib. İqor Ponomaryovun qısa müddətli fəaliyyətin nəzərə alsaq say 5 olur. Bunu unutmayaq ki, futbolda nəticələr qısa müddətdə qazanılmır. Bir məşqçiyə uzun müddət şans verilməli və daha sonra nəticə gözləmək olar. Komandanın içində olmadığım üçün adıçəkilən məşqçilərlər hansı səbəbdən yolların ayrılmasını bilmirəm. Amma mənə görə ciddi nəticələr üçün məşqçiyə daha çox şans verilməlidir".

O, yeni çalışdırıcını digər əcnəbilərlə müqayisədə bir addım öndə sayıb. Səbəblərini isə belə izah edib: "Əvvəlki əcnəbi mütəxəssislərlə müqayisədə rusiyalı Musayev bizə çox yaxındır. Həm mentalitet olaraq, həm də uzun illər bir ölkənin daxilində yaşamışıq. Murad Musayevin özünü rahat hiss eləməsi qısa müddət alacaq.

Mən tanıdığım qədərilə Musayev müasir futbolun tələblərinə cavab verməyə çalışan mütəxəssislərdəndir. İnanıram ki, ona istənilən şərait yaradılacaq və o, nəticə qazanacaq. Təbii ki, bütün hallarda vaxt verilməsi lazımdır".

Xanoğlan/Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti