“Sabah”ın “Şamaxı” ilə matçında meydan sahiblərinin iki futbolçusunun adı iştirak ərizəsinə salınmamışdı.
Velko Simiçin “Vikinq”lə qarşılaşmada zədələnib oyunu yarımçıq tərk etməsinə görə məsələ məlum idi.
Umarali Raxmonaliyevlə bağlı müəmmanı da özbəkistanlı yarımmüdafiəçinin zədələnməsi ilə əlaqələndirmək olardı.
Amma yox...
Sən demə, “7 nömrə” Norveçdəki oyundan sonra baş məşqçi Valdas Dambrauskasdan icazə alaraq vətəninə yollanıb.
Umarali subaylıqdan qurtulmaq istəyini litvalı çalışdırıcıya bildirib, baş məşqçi də futbolçunun arzusunu anlayışla qarşılayıb.
Raxmonaliyev Namanqan şəhərində qohum-əqrəbasını, dost-tanışını başına yığaraq özünə təy məclisi qurub.
Komandasının “Şamaxı” ilə matçı olduğundan məşqçi və futbolçu heyəti, xoş gündə “7 nömrə”nin yanında ola bilməyib.
Redaksiya kollektivi olaraq Azərbaycan təmsilçisinin Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmasında əsas pay sahiblərindən olan Umaraliyə ailə səadəti və xoşbəxtlik arzu edirik.
HƏBİB / SPORTİNFO.AZ
