Polşa millisinin baş məşqçisi Yan Urban “Sabah”ın futbolçusu Timoteuş Puxaça dəvət göndərməsinə aydınlıq gətirib.
Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis qarşıdakı oyunlarda 27 yaşlı sol cinah müdafiəçisinin xidmətindən yararlamağı düşünür.
O, müdafiənin sol cinahında ciddi rəqabətin olduğunu da etiraf edib. Belə ki, baş məşqçi ilk dəfə əsas milliyə dəvət etdiyi Praqa “Slaviya”sının 20 yaşlı üzvü Oskar Kubiaka da güvəndiyini deyib:
“Sərəncamımızda Timoteuş Puxaç kimi təcrübəli müdafiəçi var. Przemislav Frankovski də alternativ variantdır.
Seçim etməli olacağıq. Biri müdafiədə daha yaxşı oynayır, digəri isə hücumda komandaya daha çox fayda verir.
Həmçinin Kubiak da irəli mövqedə çıxış edə bilər. Hər şey xırda detallardan asılıdır, birini seçməli olacağıq”.
Polşa yığması UEFA Millətlər Liqasının son iki turu çərçivəsində noyabrın 14-də Rumıniya, 17-də isə İsveçlə qarşılaşacaq.
