Çempionlar Liqası əldən, gücdən salıb «Sabah»ı.
Nəfəs kəsilib, taqət tükənib.
Hamı yorğundur - baş məşqçisindən tutun da, ehtiyat skamyanın ən künc tərəfində əyləşənə kimi.
Valdas Dambrauskasın sərəncamında olanların sayı kifayət qədərdir. Çempionlar Liqası ilə Premyer Liqa arasında rotasiya etmək üçün.
Di gəl, futbolçu bolluğu latviyalı baş məşqçinin üzünə nəticədən baxımından gülüş qondurmur. ÇL-də meydan alan 1-2 nəfər Premyer Liqada görsənmirsə, bu, yüzdə-yüz «Sabah»ın oyununu korlayır.
Velko Simiçin varlığı nə qədər əhəmiyyətli imiş onun üçün… Serbiyalı hücumameylli yarımmüdafiəçinin kənarda qaldığı istənilən oyun Dambrauskasın kefinə soğan doğrayır.
Dünən də istisna olmadı. «Şamaxı» ilə qarşılaşmada iki dəfə hesabda önə keçdilər, final fitini 1 xalla qeyd etdilər.
Uduza da bilərdilər. «Şamaxı» son dəqiqərdə növbəti qol epizodunu boşa verməklə turun sensasiyasına imza atmaq fürsətini də qaçırdı.
Bir-iki kəlmə də Rəhman Daşdəmirov barədə.
«Vikinq»lə Norveçdəki matçda avtoqola imza atmışdı. Mərdəkandakı oyunda da top yenə ona dəyib istiqamətini dəyişdi və toru silkələdi.
Şanssız anların Rəhmanı qarabaqara izləməsi xoşagəlməz haldır. Millinin müdafiəçisinə göz dəyib sanki.
Yaxınlarına deyin, başına duz çevirsinlər.
MUSA
