“Sabah”ın futbolçuları mətbuata ən çox müsahibə verən, jurnalistlərlə isti münasibət quran oyunçular sırasındadır.
Onların bu yanaşmasını alqışlamaq mütləqdir.
İstər qalib gəldikləri, istərsə də məğlub olduqları matçlardan sonra dəfələrlə Coy-Lens, Mikels, Umarali Raxmonaliyev, Velko Simiç, Timoteuş Puhaç, İvan Lepinitsa kimi futbolçuların mətbuata açıqlama verdiyinin şahidi olmuşuq.
Təəssüf ki, komandanın düşdüyü hazırkı vəziyyət artıq onları da mətbuatdan uzaq durmağa məcbur edir.
“Şamaxı” ilə heç-heçə başa çatan (2:2) oyundan sonra bunun şəxsən şahidi oldum. Miks-zonada dayanıb bir neçə futbolçuya müraciət etsəm də, heç biri danışmaq istəmədi.
Komandadakı hazırkı vəziyyət, uğursuz nəticələrin səbəbləri ilə bağlı sualları cavablandırmaqdan yayındılar.
Abdulla Xaybullayev, Aleksey İsayev, İvan Lepinitsa, Eduardo Karlos, Rəhman Daşdəmirov… Heç biri müsahibə verməyə razılaşmadı. Bəzi futbolçular isə arxa qapıdan çıxaraq gözdən itməyi üstün tutdular.
Beləcə, “Sabah”dan həmin gün mətbuata danışmağa bir nəfər tapılmadı.
Əlbəttə, komandanın nəticələri ürəkaçan deyil. Son dörd oyunda qələbə qazanılmayıb. Kollektivdə müəyyən gərginliyin olması da başadüşüləndir. Ancaq belə bir klubdan, iddialı komandadan bir nəfərin də olsun jurnalistlərin qarşısına çıxmaması, yaranmış suallara aydınlıq gətirmək istəməməsi həqiqətən xoşagəlməz mənzərədir.
Belə təəssürat yaranır ki, qələbə qazananda hamı bülbül kimi ötür, hər şey yaxşı olanda danışmağa həvəs göstərir. Nəticələr pisləşəndə, komanda çətin vəziyyətə düşəndə isə hamı qaçıb gizlənir.
Təəssüf ki, belə davranışa müsbət qiymət vermək çox çətindir. Mətbuatla ünsiyyət yalnız qələbələrin sevincini bölüşmək üçün deyil. Uğursuzluqların səbəblərini izah etmək, jurnalistlərin suallarına cavab vermək də peşəkarlığın bir hissəsidir.
HƏBİB / SPORTİNFO.AZ
