"Neftçi" də “Qəbələ”nin açdığı cığırla gedir - Uzaq Amerikadan Asiyaya

14 May 2020 00:42 Qəbələ 715
"Neftçi" də “Qəbələ”nin açdığı cığırla gedir - Uzaq Amerikadan Asiyaya

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatları tarixinin coğrafiyasına səyahət edən “apasport” okeanın o tayından - uzaq Amerikadan qayıdaraq Asiya qitəsinə çatıb.

“Sarı qitə” dünya futbolunda ikinci rollarda olduğundan bu, Azərbaycanda da öz əksini tapıb.

İranla ölkəmiz arasında tarixi bağlar futboldan da kənar qalmayıb. Hələ SSRİ vaxtında hər iki ölkənin klubları arasında çoxsaylı yoldaşlıq oyunları və qarşılıqlı səfərlər olub. Bu tendensiya müstəqillik illərində də davan edib. Lakin iranlı futbolçuların ölkəmizə gəlməsimi çox gözləmək lazım gəlib.

Bu da təsadüfi deyil. Kifayət qədər güclü çempionata malik cənub qonşularımız adətən öz liqalarında bacarıqlarını göstərirlər. Asiya futbolunun liderlərindən biri olan İranın futbolçuları Avropaya da böyük axınla yox, yalnız özünü göstərmək gücündə olduqda üz tutublar.

Onlar arasında Əli Daei kimi əfsanə də var. Milli komandada vurulan qol sayında dünya rekordçusu olan hücumçunun həmyerlilərinin Azərbaycana gəlişinə qədər bu proses əks istiqamətdə mövcud olub.

Cənuba axın, “Qəbələ”nin açdığı cığır
Azərbaycanlı futbolçuların cənub qonşularımızın çempionatına üz tutması müstəqilliyin ilk illərindən başlayıb. Həmin vaxt “Neftçi”nin aparıcı siması Yunis Hüseynov İrana getsə də, qısamüddətli səfəri uğurlu saymaq olmaz. Sonradan Rüfət Quliyevin “İstiqlal”la bir sıra uğurlar qazanması da qeyd olunmalıdır. 2002-ci ildə ölkəmizdə futbol çempionatı dayandırıldığı vaxt cənuba axın yaşandı. Onlarla futbolçu, hətta bəzi baş məşqçilər işləmək üçün İranın müxtəlif liqalarına üz tutdu. Bu ölkənin çempionatımızdakı ilk təmsilçisi isə yalnız 2008/09 mövsümündə peyda olub. “Qəbələ” hücum xəttini Fərzad Hatəmi ilə gücləndirib. Bir müddət məhsuldarlığı ilə seçilən, hətta het-trik etməyə də macal tapan iranlının hətta milliləşdirilməsi də müzakirə olunub. Lakin sonradan o qədər də uğurlu çıxış etməyən forvard vətəninə göndərilib.

“Sumqayıt”ın “qonşu sevgisi”
Premyer Liqada növbəti iranlını gözləmək üçün nə az, nə çox - 8 il lazım gəldi. “Sumqayıt” 2016/17 mövsümündə cənub qonşularımızın iki təmsilçisini heyətinə qatdı. Lakin Afşin Esmaeilzadeh və İbrahim Abednezhadi heç nəylə yadda qalmadı. Bu uğursuz transferlər iranlı oyunçulara inamı növbəti dəfə azaltdı və yeni legionerlərin gəlməsini yenə gözləmək lazım gəldi. 2018/19 mövsümündə yenə qonşu futbol bazarına üz tutan “Sumqayıt” Peyman Babayini, “Sabah” isə Reza Biqdelonu heyətinə qatdı. Sonuncunun meydana çıxması ilə çıxmaması arasında ciddi fərq olmadı və tezliklə vətəninə yollandı.

Babayinin rekordları
Peyman 2018/19 mövsümündə özünü yaxşı tərəfdən göstərməyi bacardı. O, komandası ilə Azərbaycan kubokunun finalında da oynadı. “Qəbələ”yə məğlub olunan görüş futbol tariximizdə iranlı legionerin çıxış etdiyi ilk və hələlik yeganə final matçı oldu. Yayda komandada saxlanılan Babayi Premyer Liqa tarixinə ölkəmizdə 2 mövsüm duruş gətirən ilk iranlı adını qazandı. Cari mövsümdə bombardirlər yarışına şərik olan futbolçu çempionatdakı ümumi qol sayını 10-a çatdırdı. O, həm oyun, həm qol sayında Hatəmini arxada qoydu.

8 legionerə 24 qol
Peymanın ötən mövsüm özünü pis göstərməməsi İran bazarına marağı artırdı. “Sumqayıt” özünün 4-cü iranlısı – Mehdi Şərifini heyətinə qatdı. O da bir müddət bombardirlik keyfiyyətlərini nümayiş etdirdi. Lakin komanda yoldaşı ilə müqayisədə daha az qol vurub. Cari mövsüm daha iki İran təmsilçisi Premyer Liqa həyəcanı yaşayıb. Peyman Keşavarz “Səbail”də, Saman Nərimancahan “Neftçi”də klubunda ölkəsinin ilk təmsilçisi olub.

Bir sözlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 28 illik tarixində vur-tut 8 iranlı oynayıb. 5 fərqli klubda çıxış edən qonşularımızdan dördü “Sumqayıt”da, digərlərinin hərəsi bir komandada formyinib. İranlılardan dördü qol sevinci yaşayıb ki, ümumilikdə 24 dəfə buna nail olub.

futbolçu

oyun

qol

Peyman Babayi

30

10

Farzad Hatəmi

22

8

Mehdi Şərifi

16

5

Afşin Esmaeilzadeh

10

0

Saman Nərimancahan

6

1

İbrahim Abednezhad

5

0

Reza Biqdelo

2

0

Peyman Keşavarz

2

0

Digər Xəbərlər
Xəbər Lenti