"Qəbələ"nin kapitanı: "Son illər ölkə xaricinə getmək sərf eləmirdi"

30 Aprel 2020 15:46 Qəbələ 867
"Qəbələ"nin kapitanı: "Son illər ölkə xaricinə getmək sərf eləmirdi"

Koronavirus pandemiyasına görə yaranmış fasilə ən çox ziyanı idman mediasına vurub. Bu da əbəs deyil. Çünki bütün növ idman yarışları tam dondurulub və məşqlər belə keçirilmir.

Sportinfo.az belə vəziyyətdə oxucuların vaxtını daha səmərəli keçirməsi üçün "Keçmiş, bu gün, gələcək" adlı başlatdığı yeni rubrikanı davam etdirir.

Burda yalnız yerli futbolçular iştirak edir. Hazırlanmış suallar iştirakçıların keçmişi, bu günü və gələcəyi ilə bağlıdır. Rubrikamızın bu dəfəki qonağı "Qəbələ"nin kapitanı Anar Nəzirovdu.

- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyn məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?

- Açığı, məndə bu versiyalardan heç biri olmayıb. Özümün bu sahəyə güclü həvəsi olub. Elə küçə futbolunda da hər zaman qapıda durmuşam.

- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?

- Özüm rayonda futbola getmişəm. Öz başıma belə bir hal gəlməyib. Ancaq bu haqda eşitmişəm.

- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?

- Düzü, oxumağa həvəsim olmayıb. Bütün sevgim, həvəsim futbola olub.

- İstənilən futbol həvəskarının mütləq ki, bir idealı olub. Səndə bu kim idi?

- Kimisə ideal olaraq seçməmişəm. Sadəcə hər qapıçının hansısa üstün bir cəhəti olur. Birinin duruşuna, birinin reaksiyasına, digərinin topla davranışına baxıb öyrənməyə çalışmışam.

- Gördüklərin arasında ən güclü saydığın yerli qapıçı kimdir?

- Kamran Ağayev.

- Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?

- Ətrafımdakı bəzi insanları çıxmaq şərti ilə hamısında belə görmüşəm. Hər kəs çalışır ki, əlindəki ilə özünə nəsə qursun. Mən də bu baxımdan nəsə etməyə çalışıram.

- Hər futbolçunun öz potensialına görə, xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən yoxsa daha çoxuna nail ola bilərdin?

- Bura qədər gəlməyimə görə şükür edirəm.

- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?

- Bizdə ailəyə bağlılıq daha çoxdur. Həm də səmimi danışmaq lazımdır ki, son illərdə ölkə xaricinə getmək sərf eləmirdi. Maddi baxımdan burda şərtlər daha yaxşı idi. Potensiallı futbolçularımız olub. Getsəydilər uğur qazanardılar. Ən azı Rusiya və Türkiyə çempionatında nəsə edə bilərdilər. Amma sadaladığım şeylərə görə olmadı.

- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət hansı 5-liyi görmək istərdin?

- Xarakterinə görə, Elvin Camalov, Saşa Şmanayev, Kamal Bayramov, Ramil Şeydayev və Qara Qarayev.

- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?

- Onu Allah bilər. Mən nəsə deyə bilmərəm. Özümü futboldan başqa hansısa sahədə sınamamışam.

- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?

- Ayxan Abbasovu. Mən gördüyüm Ayxan Abbasov nəticə vermək, ona göstərilən etimadı doğrutmaq üçün bütün fedakarlığı edirdi. Mənə yaxın digər insanlar da var. Amma Ayxan Abbasovda gördüyüm bu şeylərə görə onu fərqləndirərdim.

- Dostluq etdiyin əcnəbi futbolçu varmı?

- Danışdığım qapıçılar var. Amma sırf dostluq etdiyim yoxdur.

- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?

- Zaqatala.

- Sənə görə azərbaycan futbolunun tarixində ən yadda qalan qələbə hansı oyunda olub?

- Millimizin İsveçrəni 1-0 udduğu görüş.

- Bəs müstəqillik tarximizin ən güclü futbolçusu kimi hesab edirsən?

- Nazim Süleymanov da ola bilər, Vəli Qasımov da.

- Karyeranda saysız-hesabsız oyuna çıxmısan. Ən yadda qala oyun hansı olub və niyə?

- "Turan"ın heyətində çıxış edərkən "Neftçi"ni Tofiq Bəhramovda 2-1 udduğumuz görüş. Sırf gənclərdən ibarət heyətimiz vardı. Mən də oyuna bir gün qalmış "Neftçi"dən "Turan"a getmişdim.

- Zamanı geri qaytarsaydılar karyerandakı hansı qərarı dəyişərdin?

- Gənc yaşlarda insan daha çox səhv edir. 20-21 yaşa kimi verdiyim qərarları dəyişərdim. Ən doğru qərarım isə "Zirə"yə getməyim olub.

- Keçmişini qaytarsalar bu gününü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti daha yaxşı gələcək vəd edir?

- Hər günümə şükür edirəm. Həyat öz axarı ilə daha gözəldi.

- Futbol karyeranda baş verən ən maraqlı və gülməli hadisə hansı olub?

- Hər zaman yadıma düşəndə güldüyüm hadisəni danışacam. Qəbələdə toplanışdaydıq. Səhər tezdən futbolçularla bir yerdə namaz qılırdıq. Bizdə masajist Rövşən var. Axşam futbolçulardan biri ilə hardasa içiblər. Futbolçunun adını çəkməyəcəm. Həmin futbolçu da biznən namazda idi. Rövşəni də hamı zarafatçıl biri kimi tanıyır. Namaz qıldığımız yerdə Rövşən gəldi dedi ki, buna bax e dünən mənnən içirdi, bu gün namaz qılır. Uşaqların demək olar hamısı namazda güldülər (gülür). Yəqin ki, oxuyanda bu hadisə orda olan futbolçuların yadına düşəcək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti