Gəncə stadionunun açılış oyununda “Turan Tovuz”un məğlub edən “Kəpəz”dən növbəti qələbəni gözləyənlər gümanında yanıldı.
Rəqibin “Şamaxı” olması gəncəli futbolsevərlərin növbəti 3 xal sevdasını artırmışdı. Yəni “Kəpəz”in qarşısındakı komanda nə “Sabah” idi, nə də “Qarabağ”. Heç “Zirə”ylə “Neftçi” də deyildi.
90 dəqiqə ərzində taktiki baxımdan ağıllı futbol sərgiləyən şamaxılılar meydan sahiblərinin daşını daş üstə qoymadan Rojerio Santosun qapısından biri-birindən gözəl 4 top keçirdi.
Əlbəttə, “Kəpəz” kimi məhdud büdcəli komanda hər oyunda qələbə qazana, avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilməz. Qələbələr kimi, yenilgilər də olacaq.
Ancaq burada söhbət uduzmaqdan yox, “Şamaxı”nın “Kəpəz”dən daha üstün və məzmunlu futbol oynamasından gedir. Biri var, 90 dəqiqə ərzində mübarizə aparıb, saysız qol imkanları yaxalayıb, rəqibin qapıçısına nəfəs almaq imkanı verməyib məğlub olursan, biri də var, heç nə etmədən qollarını yana salırsan.
Gəncəli fanatlara da təsir edən budur. Ki, “Şamaxı” niyə sevimli komandamızı Gəncədə udmalıdır?
Haqlıdırlarmı? 100 faiz!
İki həftədir Premyer Liqadan həzz alırıq. Gəncədəki stadionun dolması, çəkiliş üçün münasib yerlərin seçilməsi, azarkeşlərin yaratdığı ab-hava və sair kimi məqamlar çempionatımıza rəng qatıb.
Hər birimizin arzusu Nizami yurdundakı stadionu dolu və coşqulu görməkdir. Ancaq bu gedişlə tribunalar boşalacaq. Azarkeş stadiona öz komandasını dəstəkləməyə, ondan baxımlı futbol, bəzən də qələbə görməyə gəlir.
Yox, görəndə ki, elitada qalmaq uğrunda mübarizə aparan rəqib komanda “Kəpəz”in qapısına 4 top vurur, təbii ki, küsəcək, soyuyacaq, keçmiş günlərin yaratdığı inamsızlıq geri qayıdacaq.
Klub rəhbərliyi və baş məşqçi Azər Məmmədov yaxşı-yaxşı düşünməlidir. “Kəpəz”in əlində 10-15 minlik azarkeş kütləsi kimi “kozır” var. Bu üstünlük Gəncədəki oyunlar zamanı matça 1:0 öndə başlamaq deməkdir.
“Qəbələ” və “Sumqayıt”la ardıcıl iki qarşılaşmada növbəti qalibiyyətlər əldə olunmasa, “Zirə”ylə oyunda stadiona 3 min adam gəlməyəcək. Onları itirmək “Kəpəz”ə baha başa gələcək.
HƏBİB / SPORTİNFO.AZ
