“Belə oynamağa haqqımız yoxdur, səhvləri araşdıracağıq, hər kəslə danışacağıq".
Yuri Vernidub hər dəfə belə danışmır. Udduqları hansısa oyundan sonra bu sözləri dilinə gətirməsini isə heç xatırlamırıq.
Baş məşqçinin narahatlığını və narazılığını bölüşürük. «Neftçi» Yevlaxdan qələbəylə döndü, amma xoş təsir bağışlamadı.
Oyunun əvvəlində iki top fərqlə hesabda önə çıxmış «Neftçi»nin bu üstünlüyü əlindən verməsinin müqəssirləri qismində yalnız müdafiəçiləri göstərmək yanlışdır.
Vernidub sistem komandası yarada bilməyib. O, pozitiv futbol oynatmır. Nəticə qazanmaq istəyi baş məşqçiyə necə güc gəlibsə, yaradıcılıq işlərinə kifayət qədər vaxt ayıra bilmir - bunu anlamaq üçün bütün 90 dəqiqəni stadionda, yaxud ekran başında keçirmək vaxt itkisidir. Yarım saat kifayətdir ki, «Neftçi»nin oyununun məğzini tam mənasıyla dərk edəsən.
Nə çatışır, nə çatışmır?Sualı belə qoymayaq. Sorğunu bunun üzərində aparaq - Çatışmazlıqlar niyə çoxdur və hansı səbəbdən?
Ötən mövsümün ikinci yarısındakı «Neftçi»də məşqçi işi uzaqdan, lap dağın daşından özünü göstərirdi. İndi yaxına gəlirsən və görürsən ki, hər futbolçu bildiyi futbolu oynayır, Vernidubun dediyini etmir. Yəqin ki, o, hər oyundan qabaq bir şeylər deyir, tapşırır. Göstərişlərinin yerinə yetirilmədiyini isə meydanda anlayırıq. Mövsümün başından bəri dağınıqlıq var.
ELNUR
