“Qələbə qazanmağın vaxtı çatıb” – Uduzmaqdan bezən

16:40 Araz-Naxçıvan 155
“Qələbə qazanmağın vaxtı çatıb” – Uduzmaqdan bezən

Cari mövsümdə qələbə sevinci yaşamayan iki komandadan biri “Araz-Naxçıvan”dır.

Yayda köklü dəyişikliklərə məruz qalan “qırmızı-ağlar” 2026-27 “futbol ili”nə uğursuz start verib.

İlk 4 oyunda 1 heç-heçə və 3 məğlubiyyətə imza atan Cavid Hüseynovun çalışdırdığı kollektiv 1 xalla turnir cədvəlində yalnız “Sumqayıt”ı qabaqlayır.

Növbəti rəqib isə çempionluğa daha bir iddialı “Turan Tovuz”dur.

“Araz”ın əsas heyət üzvlərindən olan Rövlan Muradov qarşıdakı oyunla bağlı Sportinfo.az-a danışıb:

“Oyun Şamaxıda, süni örtüklü meydanda keçiriləcək. Hər iki komanda üçün ağır olacaq.

“Sabah” və “Qarabağ”a qarşı pis oynamamışıq. Yol verdiyimiz kobud səhvlər rəqiblərin qol vurması ilə nəticələndi. Halbuki bir az diqqətli olsaydıq, xallar qazana bilərdik.

Buna baxmayaraq, futbol adına pozitiv detallar görmək mümkün idi. Çalışacağıq ki, “Turan Tovuz”la qarşılaşmada az səhvə yol verməklə üstün tərəflərimizdən istifadə edək.

Fikrimcə, qələbə qazanmağın vaxtı çatıb. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Sentyabrın 13-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşü saat 16:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti