“Sabah” Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Ölkənin bir nömrəli idman arenasında hazırlıq işlərinə start verilib. Oktyabrın 13-də “Slaviya Praqa” ilə qarşılaşmaya qədər yeni qazon hazır vəziyyətə gətirilməlidir.
“Barselona” ilə matçı başa düşdük. Deyək ki, rəqib dünya nəhəngidir, Azərbaycanda kifayət qədər azarkeş orudusu var, 68 minlik stadion dolacaq və sair.
Bəs “Slaviya Praqa”, “Borussiya Dortmund” və “Napoli” ilə oyunları BOS-a salmağa nə gərək vardı? Axı “Qarabağ” ötən mövsüm bütün rəqiblərini “Tofiq Bəhramov”da qəbul etmişdi və heç bir problem yaranmamışdı. Üstəlik, bu stadion futbol matçı üçün daha əlverişlidir, nəinki BOS.
Ehtimallardan biri budur ki, “Sabah” 4 oyunun hamısını eyni arenada keçirməlidir. Yəni UEFA-ya hansı stadionun adını göndəribsə, rəqiblərini orada qəbul etməlidir.
Araşdırma apardıq və məlum oldur ki, vəziyyət ehtimal olunan kimidir.
UEFA qaydası nə deyir?
Maddə 25.08 açıq şəkildə bildirir:
Liqa mərhələsindən etibarən klub, prinsip etibarilə, yarışdakı bütün oyunlarını bir və eyni stadionda keçirməlidir. Həmçinin pley-offdan Liqa mərhələsinə keçərkən stadion dəyişikliyi əvvəlcədən UEFA ilə razılaşdırılmalıdır.
Deməli, “Sabah” Liqa mərhələsində 4 ev oyununu normal halda 4 ayrı stadionda keçirə bilməz. Əsas qayda — bir stadion.
Bəs stadionu dəyişmək mümkündür?
Bəli, amma yalnız xüsusi hallarda.
UEFA-nın 26.01-ci maddəsinə əsasən, UEFA stadionu müəyyən səbəblərdən yararsız hesab edərsə. Məsələn:
- meydançanın vəziyyəti;
- stadion infrastrukturu;
- təhlükəsizlik;
- təşkilati problemlər;
- digər ciddi səbəblərdən
klubdan alternativ stadion təklif etməsini tələb edə bilər. Alternativ stadion da UEFA tələblərinə uyğun olmalıdır.
Klub və AFFA uyğun alternativ tapa bilməsə, UEFA hətta özü başqa stadion müəyyən edə bilər.
Daha bir vacib məqam, UEFA qaydalarının 26.04-cü maddəsinə görə fövqəladə vəziyyətlər üçün ev sahibi klubun ehtiyat stadionuna çıxışı olmalıdır. Bu stadion da UEFA tərəfindən təsdiqlənməlidir.
Bu da “Sabah” niyə bütün rəqiblərini BOS-da qəbul edəcək” sualının cavabı.
HƏBİB / SPORTİNFO.AZ
