Türkiyə I Liqasında mövsümün favoritlərindən hesab olunan “Bursaspor”un ilk 6 turdan sonrakı çıxışı dəyərləndirilib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Bursa klubunun komanda şəklində hələ ki, ümidləri doğrultduğu bildirilib.
Lakin futbolçuların tək-tək dəyərləndirməsi zamanı yeni transferlərin hələ də tam istənilən səviyyədə olmadığı vurğulanıb.
Kollektivə yayda qoşulanlardan yalnız Keleçi İhenaço azarkeşlərin sevimlisinə çevrilə bilib. Nigeriyalı hücumçu 6 matçda 8 qol, 2 assistlə yadda qalıb.
İhenaço ilə müqayisədə Azərbaycan millisinin üzvü Toral Bayramov da daxil olmaqla digər transferlər nə rəhbərliyin, nə məşqçilər korpusunun, nə də azarkeşlərin istədiyi performansı ortaya qoya bilib.
Lakin klub mövsümün gedişində onların da formaya düşəcəklərinə inanır.
Hazırda 15 xalla ikinci pillədə qərarlaşan “Bursaspor” lider “Batman Petrolspor”dan 1 xal geri qalır.

