“Qəbələ”nin forvardı Karim Rossi İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştelinin dəvəti ilə Bakıda İsveçrə səfirliyində qonaq olub.
İsveçrəli hücumçu bu barədə şəxsi “instagram” hesabında paylaşım edib.
O, səfir tərəfindən nahar yeməyinə dəvət olunmağı özü üçün böyük şərəf hesab etdiyini bildirib.
Rossi görüş zamanı İsveçrə, Azərbaycan, idman və mədəniyyət mövzularında fikir mübadiləsi apardıqlarını qeyd edib.
Futbolçu onu səmimi qarşılayan səfirə qonaqpərvərliyinə görə təşəkkürünü də çatdırıb.
Qeyd edək ki, Kərim Rossi artıq ikinci mövsümdür Azərbaycanda legioner həyatı yaşayır.
Ötən mövsüm “Şamaxı”nın formasını geyinən hücumçu cari mövsümdən “Qəbələ”nin şərəfini qoruyur. “Şamaxı”nın heyətində vurduğu qollarla diqqət çəkən təcrübəli forvard ölkə çempionatında məhsuldarlığı ilə seçilən legionerlərdən biri idi.
Son vaxtlar zədədən əziyyət çəkən Rossi hazırda bərpa prosesi ilə bağlı müəyyən çətinliklər yaşayır.
HƏBİB / SPORTİNFO.AZ
