Qubanın PUR-PUR parıldayan futbolu və ya yalan toplusu

16:00 I Divizion 287
Qubanın PUR-PUR parıldayan futbolu və ya yalan toplusu

Yadınızdadırsa, illər ərzində futbol ictimaiyyətində bir fikir tez-tez səsləndirilirdi:

“Səbail”in Azərbaycan futboluna nə faydası var? Azarkeşi yoxdur, futbolçu yetişdirmir, heç bir regionu təmsil etmir...

Bu arqumentləri əsas gətirənlər klubun ya fəaliyyətinə son qoyulmasını, ya da hansısa regionu təmsil etməsini istəyirdilər. Bu məsələ illərlə müzakirə olunsa da, ortada konkret addım yox idi.

Nəhayət, cari futbol mövsümünün əvvəlində gözlənilən hadisə baş verdi. “Səbail” klubu alındı və bundan sonra Qubanı təmsil edəcəyi elan olundu.

Bu xəbər futbol ictimaiyyətində müsbət qarşılandı. Çünki uzun illərdir futbol ənənələri olan, lakin yüksək səviyyədə təmsil olunmaq imkanı qazanmayan Qubanın öz peşəkar komandası olacağı gözlənilirdi.

Komandanın qeyri-peşəkar səviyyədə təşkil olunmuş təqdimat mərasimindən sonra klubun yeni prezidenti Mirzə Bayrampur olduqca iddialı açıqlamalar verdi.

Peşəkar komanda yaradılacağı, Quba Olimpiya Kompleksinin stadionunun təmir ediləcəyi, klubun Qubanı layiqincə təmsil edəcəyi bildirildi. Bir müddət sonra isə mətbuata daha bir xəbər ötürüldü: guya “Altın Ordu” futbol akademiyasına bənzər bir akademiya fəaliyyətə başlayacaqdı.

Açığı, deyilənlər və eşitdiklərimiz bizi yaxşı mənada təəccübləndirirdi. Düşünürdük ki, nəhayət, Qubada futbolun inkişafı üçün ciddi layihə həyata keçiriləcək.

Ancaq sonradan məlum oldu ki, bütün bunlar böyük vədlərdən ibarət növbəti bir təqdimat kampaniyasından başqa bir şey deyilmiş.

Bəli, vədlər çox, əməl isə yoxdur!

Mirzə Bayrampurun rəhbərliyi ilə klubun idarəçiliyində yaranan mənzərə artıq ciddi suallar doğurur. Görünən odur ki, klubda peşəkarlıqdan daha çox, vəd vermək, açıqlama yaymaq və gələcəklə bağlı böyük xəyallar qurmaq bacarığı inkişaf edib.

Təəssüf ki, futbol xəyallarla deyil, düzgün idarəçilik, maliyyə intizamı və məsuliyyətlə inkişaf edir. Təsəvvür edin, kifayət qədər böyük büdcəyə malik olduğu bildirilən komanda I Liqada yeddi turdan sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Büdcəsi “Səbail”dən xeyli aşağı olan rəqiblər isə həm meydanda, həm də nəticələr baxımından daha yaxşı təsir bağışlayırlar. Deməli, problem təkcə futbolçularda və ya məşqçilərdə deyil.

Əsas sual klubun necə və kim tərəfindən idarə olunmasıdır. Daha ciddi və narahatedici məqam isə klubun daxilindəki maliyyə münasibətləri ilə bağlı səslənən iddialardır.

Futbolçuların, məşqçilərin və klub əməkdaşlarının əməkhaqlarının, eləcə də digər ödənişlərin gecikdirilməsi, ödənilməməsi barədə məlumatlar dolaşır.

Əgər bu iddialar doğrudursa, söhbət artıq sadəcə zəif nəticələrdən yox, insanlara qarşı məsuliyyətsiz münasibətdən gedir.

Klub prezidenti olmaq yalnız mətbuat qarşısına çıxıb iddialı açıqlamalar vermək, böyük layihələrdən danışmaq və özünü futbolun xilaskarı kimi təqdim etmək deyil.

Prezident olmaq, ilk növbədə, öhdəliklərinə əməl etmək, işçilərin əməkhaqqını vaxtında ödəmək, futbolçuların və məşqçilərin etimadını qorumaq, klubun gələcəyinə cavabdehlik daşımaqdır.

Mirzə Bayrampur müəllim, futbol klubunu idarə etmək şəxsi reklam meydançası deyil. Burada sizin verdiyiniz vədlərə deyil, gördüyünüz işlərə qiymət verilir.

Qubaya futbol bəxş etmək iddiası ilə ortaya çıxıb, sonda Qubanın futbol ümidlərini məyus etmək heç də uğurlu idarəçilik nümunəsi deyil.

Əgər qarşınıza qoyduğunuz hədəfləri reallaşdıra bilmirsinizsə, bunu açıq şəkildə etiraf etmək və məsuliyyət daşımaq lazımdır. Hər uğursuzluğun arxasında yeni bir vəd gizlətməklə vəziyyəti xilas etmək mümkün deyil.

Artıq vəziyyət o həddə çatıb ki, klubun borcları ilə bağlı müxtəlif ironik fikirlər səsləndirilir. Elə təəssürat yaranır ki, bir az da keçsə, Mirzə müəllim səmasında uçan quşlara da borclu qalacaq.

Görünür, Mirzə müəllimin tez-tez zümzümə etdiyi “Ay uçan quşlar, dırırım..” mahnısı da bu vəziyyətin fonunda təsadüfi səslənmir.

Amma məsələ heç də gülməli deyil. Çünki söhbət təkcə bir klubun taleyindən getmir. Söhbət Qubanın futbol ictimaiyyətinin ümidlərindən, futbolçuların gələcəyindən, məşqçilərin zəhmətindən və Azərbaycan futboluna ayrılan maliyyə vəsaitinin necə istifadə olunmasından gedir.

Bu məsələyə vaxtında müdaxilə edilməsə, nəticələr daha ağır ola bilər. Klubun fəaliyyətini davam etdirməkdə çətinlik çəkəcəyi, hətta gələcəkdə fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşəcəyi ehtimalı istisna deyil.

Ona görə də Mirzə Bayrampura maliyyə vəsaiti ayıran şəxslər artıq papaqlarını qarşılarına qoyub ciddi düşünməlidirlər. Ayrılan vəsait hara xərclənir? Verilən vədlər niyə yerinə yetirilmir?

Klub niyə gözlənilən nəticələri göstərə bilmir? Futbolçuların, məşqçilərin və əməkdaşların qarşısında öhdəliklər yerinə yetirilirmi? Bu suallara aydın və şəffaf cavab verilməlidir.

Bir daha xatırladaq: futbol klubu kiminsə şəxsi ambisiyalarını təmin etmək üçün yaradılmır. Xüsusilə də söhbət bütöv bir regionu təmsil etmək iddiasında olan klubdan gedirsə, məsuliyyət daha böyükdür.

Atalarımız yaxşı deyib: Ziyanın yarısından qayıtmaq da xeyirdir.

Qubanın futbolu gözəl vədlərə, parlaq təqdimatlara və pur-pur parıldayan açıqlamalara deyil, real işə, dürüst idarəçiliyə və məsuliyyətli rəhbərliyə layiqdir.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti