Azərbaycan millisinin veteran müdafiəçisi Saşa Yunisoğlu Sportinfo.az-a açıqlama verib.
O, yığmanın Millətlər Liqasında Lixtenşteynlə bu gün keçiriləcək oyunundan öncə gözləntilərini bizimlə bölüşüb:
"Lixtenşteynlə oyunda düşünürəm ki, millimiz qələbə qazanaraq qrupda birinci yeri təmin edəcək. Bəli, Bakıdakı oyunun nəticəsini sürpriz adlandırmaq olar. Çünki komandamız, demək olar ki, 90 dəqiqə hücumda olub və çoxlu qol epizodları yaradıb.
Yeganə problem həmin epizodları qollara çevirə bilməmək idi. Həm də deyərdim ki, bir qədər bəxtimiz gətirmədi.
Düşünürəm ki, həm məşqçi korpusu, həm də futbolçular Bakıdakı oyunun təhlilini apararaq Lixtenşteyndə daha konsentrasiyalı olacaq və lazımi nəticəni əldə edəcəklər".
Yunisoğlu baş məşqçi Ayxan Abbasovun heyət seçimlərinə də toxunub:
"Heyətlə bağlı çoxlu müzakirələr gedir. Millinin baş məşqçisi futbolçuları öz planına və oyun üslubuna uyğun seçir. Heç bir məşqçi güclü oyunçunu kənarda saxlamaz. Çünki heyət seçiminə və nəticəyə görə o cavabdehdir.
Mən düşünürəm ki, Ayxan Abbasov, bəlkə də, 2-3 futbolçunu istisna etməklə, ən yaxşıları milliyə çağırıb.
Onun seçim imkanları da o qədər geniş deyil. Sevindirici haldır ki, Ayxan Abbasov gənc futbolçuları da milliyə çağırır və onlara şans verir. Gələcək üçün bu, çox önəmlidir".
Lixtenşteyn - Azərbaycan oyunu 23:45-də start götürəcək.
XANOĞLAN
