Vernidub yerli oyunçunun “Neftçi”dən getməsinə RAZILIQ VERDİ

13:00 Neftçi 98
Vernidub yerli oyunçunun “Neftçi”dən getməsinə RAZILIQ VERDİ

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub yerli oyunçusunun tezliklə düşərgədən ayrılmasına razılıq verib.

Söhbət sentyabrda müqaviləsinin müddətini uzadan Emil Səfərovdan gedir.

Əvvəlki sözləşməni 2+1 illik yeniləyən 23 yaşlı yarımmüdafiəçi hazırkı durumundan məmnun deyil.

Son həftələrdə çox az forma şansı qazanan gənc Yuri Vernidubun ona münasibətinin dəyişəcəyinə artıq inanmır.

Odur ki, qış fasiləsində icarəyə verilməsini istəyir. Zaqatalalı oyunçunun niyyətindən artıq bakılı rəsmilər xəbərdardır.

Ukraynalı çalışdırıcı isə problemi Səfərovun özündə görür. Təcrübəli mütəxəssis onunla bağlı rəyini funksionerlərin diqqətinə çatdırıb.

Bildirib ki, Emilin psixoloji durumu gərgindir, öz hərəkətlərinə və davranışına nəzarət etmir. Gənc oyunçunun komanda yoldaşları ilə rəftarında da problemlər yaşadığını söyləyib.

O, son mətbuat konfransında buna üstüörtülü işarə də vurub:

«Bu, bizim daxili mətbəximizdir. Hər şey yaxşı olacaq. Biz onunla danışırıq, söhbət edirik.

Düşünürük ki, dincəlsin və üzərində daha çox işləsin ki, əvvəlki Səfərov olsun. "Neftçi" onunla boş yerə müqavilə imzalamayıb.

Emil bizə lazım olan futbolçudur, komandamız üçün çox önəmlidir. O, bunu nə qədər tez anlasa, komanda və özü üçün yaxşı olacaq».

Emil Azərbaycan Premyer Liqasında 18 yaşında ikən yetirməsi olduğu “Qəbələ”də debüt edib və getdikcə əsas heyətdə möhkəmlənməyə başlayıb, bir müddət sonra isə əsas milliyə dəvət alıb.

2024-cü ildə bir neçə başqa təklifi olsa da, seçimini “Neftçi”dən yana edən Səfərov qısa zaman kəsiyində dinamik inkişaf potensialı nümayiş etdirərək, “ağ-qaralar”ın aparıcı üzvlərindən birinə çevrilib.

Ötən 2 il ərzində “Neftçi”nin heyətində bütün turnirlərdə 50 oyuna 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!