COP29

“Qarabağ”ı tərk edəcəyi deyilən hücumçunun yaxın dostu “Sportinfo”ya danışdı

1 Mart 20:00 Qarabağ 4 364
“Qarabağ”ı tərk edəcəyi deyilən hücumçunun yaxın dostu “Sportinfo”ya danışdı

“Qarabağ”ın ötən ilin yanvarında heyətinə qatdığı Redon Cica yenə kölgəyə çəkilib.

Albaniyalı futbolçu yayda, avrokubok matçlarında qolları sıralayanda əsas heyətdə özünü yer etdiyini düşünmək olardı.

“Linkoln” və “Rakuv”la görüşlərin hər birində rəqib qapılarına yol tapmaqla aktivinə 5 qol yazdıran “19 nömrə” Juninyonun transferindən və formaya düşməsindən sonra kölgəyə çəkildi.

Cica cari mövsümdə Premyer Liqada 8-i əsas heyətdə olmaqla 15 oyunda şans qazanıb və 1 qolla yadda qalıb.

Ölkə kubokunda hər 2 qarşılaşmada start heyətində yer alsa da, fərqlənə bilməyib. Avrokuboklarda “Rakuv” və “Linkoln”la matçlar xaric, 4-ü əsas heyətdə olmaqla 9 oyunda meydana çıxıb, lakin qol vura bilməyib.

Hücum planlı futbolçular – Juninyo, Abdullah Zubir, Leandro Andradenin kölgəsində qalan, şans qazandığı oyunlarda meydanı qolsuz tərk edən 25 yaşlı albanın özünü “Qarabağ”da necə hiss etməsi, yayda komandanı tərk edəcəyi ilə bağlı deyilənlərə ən doğru cavabı özü ilə söhbətdə aydınlıq gətirmək olar.

Lakin onunla ünsiyyət qurmaq heç cür alınmır. Nə ingilis dilində danışa bilir, nə rus, nə ispan, nə də fransız. İngilis dilində yalnız futbol terminlərini anlayır və başa salır.

Redonun Azərbaycanda ən yaxın dostu, tez-tez görüşdüyü adam Belajdi Pusidir. “Turan Tovuz”un legioneri də albaniyalıdır deyə, onları həm də dərd və sirr ortağı saymaq olar.

Pusi Sportinfo.az-a açıqlamasında Cicanın “Qarabağ”dakı durumundan söz açıb:

“Redon ən yaxın dostumdur. Asudə vaxtımızın çox hissəsini Bakıda birlikdə keçiririk.

Həm də qonşuyuq deyə, tez-tez görüşürük. Təbii ki, Azərbaycandakı və komandadakı durumumuz haqda söz açırıq.

Özü də hansı komandanın sıralarında yer aldığının fərqindədir. “Qarabağ” böyük klubdur, heyətində bacarıqlı futbolçular var.

Cica bunu dərk edərək heyətdə yer almaq üçün mübarizə aparır. Küsən, inciyən, işindən soyuyan oğlan deyil.

Məqsədi nəyə qadir olduğunu baş məşqçiyə göstərməkdir. Əminəm ki, “Qarabağ”da daha yaxşısını edəcək”.

Ağdamlıların “19 nömrə”si ötən ilin yanvarından bu yana “Qarabağ”ın heyətində bütün yarışlarda meydana çıxdığı 44 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!