COP29

Şər deməsən, xeyir gəlməz - "Qarabağ” uduzsa, nə olacaq?

30 Noyabr 2023 15:00 Qarabağ 5 786
Şər deməsən, xeyir gəlməz - "Qarabağ” uduzsa, nə olacaq?

Sözsüz, hər birimiz “Qarabağ”ın Norveç səfərindən qələbə, ən pis halda heç-heçə ilə qayıtmasını arzulayırıq.

Məsəl var, şər deməsən, xeyir gəlməz.

İndiki halda əksəriyyəti maraqlandıran sual “köhlən atlar”ın “Mölde”yə uduzacağı təqdirdə nəyin necə olacağıdır.

Əvvəla onu qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Norveçdə qalib gəlsə, “Hekken”lə Bakıdakı qarşılaşmanın yekun nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Hətta 6-cı turda “Mölde”nin “Bayer” üzərində qalib gəlməsi belə, azərbaycanlıların sevinməsinə əngəl olmayacaq.

Belə olarsa, hər iki komandanın xalları 9-a bərabər olacaq ki, şəxsi görüşlərdəki göstəriciyə əsasən üstünlük Ağdam təmsilçisinin tərəfində keçəcək.

“Mölde” - “Qarabağ” matçında heç-heçə qeydə alınarsa, məsələnin tam həlli sonuncu tura qalacaq. Belədə, təmsilçimiz Bakıda “Hekken”i mütləq və mütləq udmalıdır.

Bu, baş versə, sonuncu turda Almaniyadakı qarşılaşmanın yekun nəticəsi bizim üçün önəm daşımayacaq.

Norveçdəki mümkün heç-heçədən sonra “Hekken”ə paytaxtımızda uduzmaq və ya bərabərə qalmaq da sevincimizə səbəb ola bilər. Bunun üçün “Mölde” “Bayer”lə dueldə qalib gəlməməlidir.

Hə, keçək əsas suala – “Qarabağ” cümə axşamı meydanı məğlub tərk etsə nə olacaq?

Belədə, “Mölde”nin xalı 9-a yüksələcək, “köhlən atlar” 6 xalla üçüncü pillədə yer alacaq. Və ümidlərimizi sonuncu tura bağlayacağıq.

Sonuncu, yəni 6-cı turda “Qarabağ” Bakıda “Hekken”i udmalı, “Mölde” isə “Bayer”ə yenilməlidir ki, təmsilçimizlə norveçlilərin xalları bərabərləşsin.

“Qarabağ” bu axşam “Mölde”yə yenilsə, dekabrın 14-də Norveç təmsilçisi “Bayer”ə uduzmasa, növbəti mərhələyə “Mölde” yüksələcək.

Deyək ki, sonuncu turun yekununda bizimkilərlə norveçlilərin xalları bərabər oldu, 9, ya da 10 xal – fərq etmir.

Belədə, ixalları bərabər olan komandalar arasındakı şəxsi görüşlərə nəzər salınacaq. Deyək ki, Bakıda “Qarabağ”, Moldedə meydan sahibləri qələbə qazanıb. Ümumi nəticə bərabərləşir.

Keçid alınır xal fərqinə. Ağdamlılar Bakıda skandinavların qapısından 1 top keçirib. “Mölde” də təmsilçimizi 1 top fərqi ilə udsa, bu dəfə komandaların ümumi top fərqinə baxılacaq.

Yox, rəqib 2 və daha çox top fərqi ilə qalib gəlsə, növbəti mərhələ sevincini onlar yaşayacaq.

Bir sözlə, “Qarabağ”ın taleyi öz əlindədir. Vəziyyəti qəlizləşdirməmək, rəqəmlərin içində itib-batmamaq üçün Norveç səfərində məğlub olmamaq, “Hekken”lə Bakıdakı dueldə qələbə qazanmaq bəs edir.

Maraq üçün bildirək ki, ağdamlılar mübarizəni hətta üçüncü pillədə başa vursa belə, çıxışını Avropa Konfrans Liqasında davam etdirəcək.

Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə “Aker” stadionunda baş tutacaq “Mölde” – “Qarabağ” dueli Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"