COP29

Qurban Qurbanov - O, dahidir!

22 Sentyabr 2023 11:10 Qarabağ 4 760
Qurban Qurbanov - O, dahidir!

Dünən «Qarabağ» cari avrokuboklar sezonunun sayca 9-cu oyununa çıxdı.

Tarixində 10-cu dəfə qrup mərhələsinə vəsiqə qazanan bir komanda kimi gözləntilərimiz hər il daha çox olub.

Bu mövsüm də istisna deyildi, amma…

İyuldan üzü bəri «Qarabağ»ın özünə bənzəmədiyini yazırdıq. İlin əvvəlində və ortasında buradan ayrılan futbolçuların Qurban Qurbanovun əlini zəiflətməsindən danışırdıq.

Tək biz yox, hamı - mediası da, azarkeş dünyası da. Narahatlıq üçün ciddi əsas var idi və bunu Qurbanovun özü də danmırdı, gizlətmirdi, Eyni zamanda deyirdi ki, səbrli olmaq lazımdır, tələsməyək.

«Qarabağ» bu il avrokuboklarda heç bir rəqibini asanlıqla mübarizədən kənarlaşdırmayıb. Hətta Çempionlar Liqasının ilkin mərhələsində qarşılaşdığı «Linkoln»u da.

Cəbəllütariq təmsilçisi də, HİK də, «Olimpiya» da Azərbaycan çempionuna müxtəlif çətinliklər yaradıb. Dəfələrlə ölüb-dirilmişik.

O, dahidir! Mən bunu çəkinmədən yazıram. Birinci dəfə deyil ki, barəsində bu ifadəni işlədirəm. Həmişə demişəm və yenə deyirəm - Qurban Qurbanov uzaqgörən məşqçidir.

Və əlbəttə ki, o, «Qarabağ»ı hər birimizdən yaxşı tanıyır. Təmkinli olmasının kökündə təcrübə ilə yanaşı, iş proqramının detallarına əla bələdçiliyi dayanır.

Biz kollektivin daxilində deyilik, futbolçuları oyundan-oyuna görürük. Gündəlik prosesin içində olan əsas şəxs odur, kimin necə çalışdığını, işinə necə yanaşdığını görür.

Oyun planında sıçrayışın «Molde» ilə qarşılaşmaya təsadüf edəcəyini biz hesablaya bilməzdik. Qurbanov bunu bilirdi amma.

Gerçəkdən də Tanrı səbr edənləri sevir!

Əl-ayağa düşmüşdük ki, görəsən, «Qarabağ»ı bu vəziyyətdən necə xilas eləmək olar. Çünki Avroliqanın qrupunda 1 xal belə, toplayacağına gümanımız az idi, açığı.

Amma siftə 3 xal oldu və Qurbanov oynatdığı futbolla simpatik «Qarabağ»ı geri qaytardı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?