Zubir "Qalatasaray"la oyundan paylaşım etdi, dostlarından maraqlı reaksiyalar gəldi

28 Mart 2023 20:20 Qarabağ 1 778
Zubir "Qalatasaray"la oyundan paylaşım etdi, dostlarından maraqlı reaksiyalar gəldi

“Qarabağ”la “Qalatasaray” arasındakı qardaşlıq matçının adamı heç şübhəsiz Abdullah Zubir idi.

Oyunboyu rəqib futbolçulara nəfəs almaq imkanı verməyən fransız vinger çoxsaylı qol epizodları yaratmaqla yanaşı komandasının yeganə qolunda assistent rolunu oynadı.

Odur ki, Zubirin adı türkiyəli fanatların dilində əzbər olub. İndi hər kəs onu “Qalatasaray”a səsləyir, klub rəhbərliyindən təcili transfer olunmasını tələb edir.

Abdullah özü də məlum oyundan sonra “instagram” hesabında paylaşım edib. 31 yaşlı futbolçu “Qalatasaray”la görüşdən şəkillər paylaşaraq “möhtəşəm atmosferə görə çox sağ olun” sözlərini yazıb.

Zubirin paylaşımına 10 mindən artıq bəyənmə, mindən çox şərh yazılıb ki, rəylərin arasında futbolçunun indiki və sabiq komanda yoldaşlarının olması diqqət çəkir.

Musa Qurbanlı: “Dünyanın ən yaxşı oyunçusu, Ballon Dor 2023 mükafatçısı”.

Marko Yankoviç: “Gilas, şəhərə gəl”.

Araz Abdullayev: “Bacarığını nümayiş etdirir”.

Riçard Almeyda: “Tuz” (kartdakı ən yüksək həddi nəzərdə tutur – H.).

Mahir Emreli: “Mənim assistmenim yenə alovlandırır”.

Redon Cica: “Zubir şou”.

Vild-Donald Gerye: “Futbol Tanrısı, bu nə hoqqadır?”

Şərh bildirənlər arasında “Qarabağ” – “Qalatasaray” qarşılaşmasının iştirakçısı olmuş Julio Romao ilə Hamidu Keyta da olub. Hər ikisi paylaşıma alov emojisi ilə münasibət göstərib.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib.

“Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib.

87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti