Qurban Qurbanovu məcbur edirlər ki...

22 Aprel 2021 16:00 Qarabağ 1 804
Qurban Qurbanovu məcbur edirlər ki...

Futbolun ab-havası keçmişi xatırlatmır.

Yarımfinal ola, finala çıxış ola, komandalar çempionatda növbəti turu düşünə - gör, vəziyyət nə yerdədir, 1/2 finalın Sumqayıt matçına gənc hakim təyin olunur.

Hamı fərqindədir ki, çempionatın səviyyəsi, kubokun nüfuzu yerin dibinə düşüb. Gör, dünyanın harasıdır, "Sumqayıt" yarımfinalda "Qarabağ"ın qarşısına ikinci heyətlə çıxır.

Elə bil, avrokuboklar qrupunda "Çelsi" Azərbaycana, ağdamlılarla oyuna istirahət etməyə gəlib.

Ayxan Abbasov qapıdan hücuma kimi heyəti dəyişmişdi. Bir dəfə final oynayıblar, indi şans yaranıb, bürünc medallar daha cəlbedici görünür.

Qarşıda "Zirə" oyunu var. Onu fikirləşdilər.

"Qarabağ" zədəli futbolçularla nə hala salınıb ki, "Sumqayıt" ikinci heyətlə qarşılarına çıxmağa çəkinmir.

Matç öncəsi Qurban Qurbanov çətin duruma düşsə də, o da Abdullah Zubiri ehtiyatda saxlamışdı. Qarşılaşma yarımfinal adına yaraşmırdı. Görüşün 3-hissəsi - mətbuat konfransı meydanda keçən 90 dəqiqədən daha maraqlı alındı.

Meydana çıxan legionerlər öz yerində, sözümüz "Qarabağ"ın yerli gənc futbolçularınadır. Çempionluqları sıralayan lider komandanın üzvlərisiz.

Yarımfinal, qarşınızda da "Sumqayıt"ın start heyətinə düşməyə çətinlik çəkən futbolçuları. Nə vaxt özünüzü göstərəcəksiz?

Nə vaxta kimi Maksim Medvedev, Qara Qarayev və legionerlər komandanı çiyinlərində daşıyacaq? İsmayıl, Abbas, Toral, Rahil... Bir tək Emin Cəfərquliyev ümidləri nisbətən doğrluldur.

Doxsan dəqiqə ərazi üstünlüyü "Qarabağ"da, mövqe hücumlarının ard-arası kəsilmir – bəs Toral Bayramov nə vaxt cərimə meydanına girib, oyunun müqqədəratını həll edəcək?

Ronaldonu yalançı yamsılamaqdansa, Toral olmaq daha doğru deyilmi? İsmayıl İbrahimli nə vaxt oyunu öz üzərinə götürüb, sağı-solu, öndə oyunda idarə edəcək? Potensial var axı, yoxsa "Qarabağ" kimi klubda nə işləri var?

Şans bir dəfə, iki dəfə verilir. Yanınızda təcrübəli kapitan, Medina, sizə dəstək verən baş məşqçi…. Daha nə istəyirsiz?

Qurban Qurbanovu məcbur edirsiz ki, Zubiri oyuna atsın, sonra da məcbur olub zədədən qorumaq üçün geri alsın.

Matiç, Ovusu? Onlara niyə fikir verirsiz? Siz özünüzü hər oyun isbatlayın, irəli gedin.

«Gənc-gənc» deyə-deyə, 25 yaşa kimi meydanda gəzişmək fikriniz var? Sonra da yerli gənclər giley edirlər ki, bizə şans vermirlər. Bundan böyük şans?

"Sumqayıt" start heyətində keyfiyyəti itirsə də, komanda oyunu planında sistemi qoruyub saxlamışdı. Müdafiədə, mərkəzdə təcrübəli Vurğun Hüseynovun, Elvin Məmmədovun sayəsində komanda dağınıq təsiri bağışlamırdı.

Fasilədən sonra Rəhim Sadıqovun, Əli Qurbaninin oyuna atılmasının, Ayxan Abbasovun strateji xəttinin doğruluğunu qarşıdakı "Zirə" və kubokun cavab görüşü göstərəcək. Hələ ki, hər iki cəbhədə şanslarını qoruyub saxlayırlar.

Qurban Qurbanovun düşdüyü vəziyyət daha ağırdır. Çempionatda xal itirməyə haqqı olmayan "Qarabağ, aparıcı futbolçularının yarısını itirb. Qara geri dönsə də, optimal formasından uzaqdır.

Eyni aqibəti Mahir, Romero da yaşaya bilər. Özlərinə gəlməyə vaxt yoxdur, hər növbəti oyun finala bərabərdir. Şahruddin, Ozobiçin sağlıq durumu da acınacaqlıdır.

Bir tərəfdən də hakim, idarəçilik canfəşanlıqları... Üst-üstə yığılan stress, problemlər həmişə səbri, sakitliyi ilə seçilən Qurban Qurbanovu da dilə gətirib.

Zədəlilərin baiskarı özü, komandası olsaydı, danışmağa haqqı çatmazdı. Qara, Mahir millidə «bismillah» etmədən zədə aldılar. Ozobiç, Şahruddini də meydanda sındırdılar. "Qarabağ"ın əsas günahı hücumçu ehtiyatının olmamasıdır.

Qurban Qurbanov təcrübəli məşqçidir, belə vəziyyətlərdən həmişə çıxmağı bacarıb. Bu durumda belə, komanda öz oyununu oynayır, rəqiblərdən birbaş üstün görünür.

Çatışmayan bircə qoldur. "Qarabağ" istənilən oyunda 1 qol vurduqdan sonra həmişə rahat oynamağa başlayır, daha inamlı görünür.

Mətbuat konfrasında deyilənlərin çoxu həqiqətdir. Azərbaycan futboluna yığışan bir qrup dələduz futbol oynamır, futbolla oynayırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti