"Vikinq"lə səfərdən xalla qayıtmaq olardı. Hətta qalib gəlmək də mümkün idi.
Düzdü, Norveç çempionu yaxın keçmişdə öz meydanında “Bavariya” ilə 3:3 hesablı heç-heçə edib. Nə olsun? “Qarabağ” da səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub etmişdi. Futbolda belə nəticələr mümkündür. Amma bu, həmin komandaların real gücünün göstəricisi deyil.
“Vikinq”in əsl gücünü meydanda gördük. Bərk kollektiv olduqları şübhəsizdir. Lakin “Sabah” xüsusilə ilk 50-60 dəqiqədə göstərdi ki, bu rəqiblə oynamaq, ondan xal almaq mümkündür. Norveç təmsilçisindən çəkinməyə ehtiyac yox idi.
Məncə, Dambrauskas da heyətlə bağlı yanlış qərar verməmişdi. Mikkels və Parisin ehtiyatda saxlanılması ilk hissədə daha çox müdafiəyə diqqət ayırmaq, fasiləyə qədər qolsuz bərabərliyi qorumaq və ikinci yarıda onların meydana daxil olması ilə ənənəvi “Sabah”ı görmək planına hesablanmışdı.
Əslində, bu plan ilk dəqiqələrdən meydanda yüz faiz işləyirdi. Hətta əla əks-hücum zamanı qol vurdu. Rəqibin iki müdafiəçisinə erkən sarı vərəqə aldırmağı da bacardıq. Amma təəssüf ki, bunun davamını gətirə bilmədik.
Bəs günahkar Dambrauskasdır? Məncə, yox.
İlk səbəb Velko Simiçin erkən əvəzlənməsi oldu. Simiç hazırkı “Sabah”ın oyun mexanizminin vacib detallarından biridir. Onun yoxluğunda komanda hətta “Turan Tovuz”la oyunda da ciddi çətinliklər yaşamışdı.
Digər səbəb isə “Sabah”ın döyünən ürəyi olan cinah müdafiəçilərinin özlərinə bənzəməməsi idi. Nə Puxaç, nə də Zedadka gözlənilən oyunu sərgilədi. Zedadkanı, demək olar ki, hücumlarda görmədik. Puxaç isə müdafiədə ciddi səhvlərə yol verdi, irəli çıxanda da bərbad ötürmələri ilə yadda qaldı. Ümumiyyətlə, son iki oyunda polşalı müdafiəçini tanımaq mümkün deyil.
Müdafiənin mərkəzində buraxılan səhvlərin də sayı-hesabı yox idi. Komandanın ən yaxşıları Raxmonaliyev və Lepiniça idi.
Qırmızı vərəqə isə oyunun qırılma nöqtəsi oldu. Bundan sonra azlıqda qalan “Sabah”ın rəqiblə bacarması müşkülə çevrildi. Hətta hesabın 1:4 deyil, 1:6, 1:7 olmamasına görə norveçlilərə minnətdar olmalıyıq. Onların əks-hücumlardakı arxayınlığı, məsuliyyətsizliyi və epizodları sona qədər tamamlamaması “Sabah”ı daha ağır hesablı məğlubiyyətdən xilas etdi.
Bundan sonrası isə “Sabah” üçün ciddi təhlükə yaradır. Problem təkcə Çempionlar Liqasının liqa mərhələsində deyil, daxili yarışlarda da özünü göstərə bilər. Komandada həm fiziki, həm də psixoloji yorğunluq artıq aşkar şəkildə hiss olunur. Bu gedişlə “Sabah”ın qarşıdakı oyunlarda əvvəlki tempini qoruması heç də asan olmayacaq.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
