Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək.
Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən I Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı bu arenada düzənlənəcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
"Xankəndi" bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK-in Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.
Sportinfo.az saytının və "Sportinfo TV"nin baş redaktoru İlkin Fikrətoğlu bu mövzu ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) təklif irəli sürüb:
"Noyabrın 19-da Azərbaycan futbolu adına tarixi gün olacaq. Müstəqillik dövründə ilk dəfə Xankəndi stadionu bir (yanvardan iki) klubun ev oyunları üçün arena kimi təqdim olunacaq.
Sovet dövründəki Stepanakert "Qarabağ"ının 99 faiz ermənilərdən ibarət olduğunu nəzərə alsaq, ilk dəfə təmiz Azərbaycan klubları Xankəndini təmsil edəcək: " Xankəndi" FK və MOİK.
Gözəl hadisədir. Noyabrın 19-da keçiriləcək "Xankəndi"-" Karvan Yevlax" matçı üçün bir təklifim var. Bu oyunda Xankəndi futbolunda izi olan 3 şəxsin rəmzi iştirakı əla olar.
Sovet dövründə Xankəndi klubunda oynamış son iki azərbaycanlı Munis Abdullayev və Samir Alakbarov, həmçinin Xankəndində doğulmuş, futbolun sirlərini burada öyrənmiş , sonradan Ağdam "Qarabağ"ında oynamış Emin Salmanov.
Munis Abdullayevə noyabrın 19-dakı oyuna hakim-inspektor kimi təyinat verilə bilər,
Samir Ələkbərovla Emin Salmanov isə oyuna mərkəzdən başlayar bilər. Azərbaycan futbolunun 38 ildən sonra Xankəndiyə qayıdışının simvolik rəmzi olaraq. İndi son qərar Peşəkar Futbol Liqasınındır".
PFL-in Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Sənan Abdullayev saytımıza açıqlama verərək, İlkin Fikrətoğlunun təklifinə münasibət bildirib:
“İlkin bəy və onun kimi bu futbolumuza dəyər qatan jurnalistlərin fikirləri bizim üçün həmişə önəmlidir. Onun təklifi barədə məlumatımız var.
Yadınızdadırsa, 2023-cü ildə Azərbaycan 23 saatlıq antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdikdən qısa müddət sonra burada ölkə başçısının tapşırığı ilə bir futbol matçı - Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” və MOİK arasında oyun keçirilmiş və Cənab Prezident İlham Əliyev də şəxsən iştirak etmişdi.
Bu oyunun təşkilatçılığında Gənclər və İdman Nazirliyi, digər dövlət qurumları, AFFA, PFL, “Qarabağ” və MOİK klubları Prezidentin tapşırığını vədəsində yerinə yetirmək üçün əlindən gələni etmişdi.
Təbii ki, ölkədə peşəkar futbol yarışlarının təşkilatçısı kimi üzərinə əsas məsuliyyət düşən qurumlardan biri də PFL idi.
O zaman məhz PFL-in təşəbbüsünə dəstək olaraq oyunun hakimlər heyətinin üzvləri vətən müharibəsi iştirakçıları Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu, hakim inspektoru isə Xankəndidə çıxış etmiş Munis Abdullayev olmuşdu.
Samir Ələkbərov və Emin Salmanov da xüsusi qonaq kimi dəvət olunmuşdu. Samir bəydən qayıdışla bağlı PFL-in «yutub» səhifəsi üçün müsahibə də almışdıq.
«CBCSport» kanalından xahiş etmişdik ki, oyunu vətən müharibəsi iştirakçısı Süleyman Vəliyev təyin edilsin. Sağ olsunlar, buna da müsbət yanaşmışdılar və tarixi oyunu tamaşaçılara o şərh etmişdi.
Bununla yanaşı, «YAŞAT» fondu ilə əməkdaşlığımız çərçivəsində futbolçular meydana şəhid övladları ilə çıxmışdılar. Yəni Xankəndi ilə bağlı demək olar bütün məqamlara toxunmağa çalışmışdıq.
Bilirsiz ki, bu dəfə meydan sahibi nominal deyil. Klubun, yəni “Xankəndi”nin özünün bununla bağlı planları var. Konsert proqramı da olacaq.
İstənilən halda İlkin bəyin qeyd etdiyi məsələ ilə bağlı məsləhətləşmələr olub. Bildiyimizə görə, yenidən hansısa bir formada toxunmağı düşünürlər.
Ümumilikdə isə PFL olaraq geniş heyətlə orada iştirak edəcəyik. Oyunu isə 5 kamera və təkrarlarla yayımlayacağıq”.
