Bu da Mezzoteronun “İtaliya, yoxsa Azərbaycan” sualına reaksiyası!

21:20 Milli komanda 71
Bu da Mezzoteronun “İtaliya, yoxsa Azərbaycan” sualına reaksiyası!

Ayxan Abbasovun Azərbaycan millisinin sükanı arxasına keçməsindən sonra yığmada gəncləşmə prosesi nəzərə çarpır.

Hər toplanışda yeni futbolçulara dəvət göndərilir, onlara özlərini göstərmək və milli komandada debüt etmək imkanı yaradılır.

Lixtenşteyn və Andorra ilə oyunlar üçün açıqlanan heyətdə də yeni adlara rast gəldik.

Onlardan biri İtaliyanın B Seriyasında mübarizə aparan “Sampdoriya”nın formasını geyinən Lorenzo Mezzotero idi. 18 yaşlı ucaboy hücumçu son matçlardakı oyunu ilə millimizin baş məşqçisinin diqqətini çəkməyi bacarmışdı.

Lakin gənc forvard sonuncu toplanışda iştirak etmədi. “Sampdoriya”dan AFFA-ya göndərilən məktubda onun zədəli olduğu bildirildi. Nəticədə Mezzotero yığmamızın düşərgəsinə qoşulmadı.

İddia olunur ki, onun bu dəfəki toplanışda iştirak etməməsinin səbəbi təkcə zədə ilə bağlı deyil. “Sampdoriya”nın son iki oyununda uğurlu çıxış edən gənc hücumçunun performansının İtaliya millisinin məşqçilər korpusunun diqqətini çəkməsi əsas şübhə obyektidir.

Lorenzonun gələcəkdə İtaliyanın əsas millisinə dəvət almaq şansının yarana biləcəyi ehtimalı gündəmə gəlib. İtaliya mətbuatında gənc futbolçunun başqa ölkənin yığmasını seçərək əldən çıxması ilə bağlı narahatlığın ifadə olunması da italyanlar üçün həyəcan siqnalıdır.

Görünür, bütün bunlar Mezzotero ailəsini qərar verməkdə bir qədər səbrli davranmağa məcbur edib. Hər halda, qeyd olunanlar hələlik ehtimal və mülahizədən ibarətdir.. Ən doğru cavabı isə hadisələrin mərkəzində olan futbolçunun özü verə bilər.

Elə bu səbəbdən U-21 millimizdə debüt etmək imkanı qazanan hücumçu ilə əlaqə saxladıq.

Daha doğrusu, ona mesaj göndərərək məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Lorenzoya ünvanladığımız mesajın məzmununu olduğu kimi təqdim edirik:

“Salam, Lorenzo, necəsən? Ümid edirəm hər şey yaxşıdır.

Bildiyin kimi, səni Azərbaycan millisinin qarşıdakı oyunlarına dəvət etmişdilər. Lakin “Sampdoriya”dan göndərilən məktubda zədəli olduğun bildirilib və bu üzdən toplanışa qatılmamısan.

Hazırda Azərbaycanda belə ehtimal irəli sürülür ki, sanki italiyanlar səni əldən buraxmaq istəmir və Azərbaycan millisində debüt etməyinə qarşıdırlar. Səni İtaliyanın əsas millisində görəcəklərinə ümid edirlər.

Bu məsələyə sənin münasibətin necədir? İtaliya, yoxsa Azərbaycan?”

Təəssüflər olsun ki, Mezzotero mesajımızı oxusa da, cavabsız qoydu. Görünür, hazırkı vəziyyətdə susmağa üstünlük verir.

Onun bu susqunluğunun səsləndirilən ehtimallarla əlaqəsinin olub-olmadığını isə qarşıdakı aylar göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti